Realist teatr-dekorasiya sənətinin yaradıcılarından biri…

Realist teatr-dekorasiya sənətinin yaradıcılarından biri…

O, 30 illik ömrünün yarısından çoxunu yaradıcılığa həsr edib. 40-dan çox səhnə əsərinə bədii tərtibat verən gənc, bacarıqlı rəssam Azərbaycan mədəniyyət və incəsənət tarixinə adını yazan ilk realist teatr-dekorasiya sənətinin yaradıcılarından biri olub.

NUHÇIXAN xəbər verir ki, bu gün rəssam Rüstəm Mustafayevin doğum günüdür.

Rüstəm Mustafayev 1910-cu il fevral ayının 25-də Bakı şəhərində anadan olub. Uşaq yaşlarından rəsimlər çəkən Rüstəm orta təhsilinin 7-ci sinfini başa vurduqdan sonra orta ixtisas rəssamlıq məktəbinə daxil olur. 14 yaşında o, ilk dəfə Bakı teatrında səhnə dizayneri olur. Sonra Bakı Ali Rəssamlıq Məktəbinə qəbul olub, ali təhsil alan gənc rəssam Moskva şəhərinə gedib sənəti üzrə müəyyən təcrübə qazanır. Vətənə qayıdaraq əmək fəaliyyətinə Bakı Azad Tənqid-Təbliğ Teatrında tamaşalara səhnə tərtibatı verərək başlayan Rüstəm sadəcə illüstrasiya çəkməklə kifayətlənməyib, bütün səhnələrin qurulmasında fəal iştirak etməklə rejissor və müəlliflərə də kömək edir.

Dövrün ən çətin zamanlarında, repressiyanın hökm sürdüyü vaxtda Rüstəm Mustafayev Azərbaycan Dövlət Dram Teatrında baş rəssam işləyir. Onun Mirzə Cəlilin, Cəfər Cabbarlının, Hüseyn Cavidin, Əbdürrəhim bəy Haqverdiyevin əsərlərinə verdiyi tərtibatlar Azərbaycan teatr-dekorasiya sənətinin orijinal, qiymətli nümunələri sayılır. Görkəmli rəssam incə zövqlü, orijinal düşüncəli bir sənətkar olub. Tamaşalara verdiyi tərtibatlarla diqqətləri üzərinə çəkməyi bacarıb. Buna görə o, tezliklə Azərbaycan Dövlət Opera və Balet Teatrında da işləməyə dəvət edilib. Rüstəm Mustafayev “Şah İsmayıl”, “Leyli və Məcnun”, “Aşıq Qərib”, “Koroğlu” kimi operalara verdiyi tərtibatları bəstəkar Üzeyir Hacıbəyov yüksək qiymətləndirib.

Çoxşaxəli yaradıcılıqla məşğul olan gənc rəssam teatr tamaşalarına bədii tərtibat verməklə yanaşı, miniatür sənətini və milli memarlığı dərindən öyrənib, müxtəlif sərgilərin tərtibatı ilə məşğul olub. Həmçinin o, elmi tədqiqatlar aparıb, qrafika sahəsində bir sıra uğurlara imza atıb. Bu uğurlu imza ilə o, bir çox plakat və kitabların da bədii tərtibatı üzərində işləyib. Rüstəmin ilk qrafika işləri Səməd Vurğun, Süleyman Rüstəm, Rəsul Rza və başqa şairlərin həmin dövrdə çıxan kitablarının bədii tərtibatı üzərində olub. Eyni zamanda o, Azərbaycan aşıqlarının şeirlərindən ibarət “Aşığın səsi” kitabının da bədii tərtibatı üzərində işləyib.

Ömrünün son illərində Azərbaycan abidələrini mühafizə edən Mərkəzi Dövlət İdarəsinin direktoru vəzifəsində çalışan Rüstəm Mustafayev Nizami dövrü abidələrinin və Şəki Xan sarayının elmi bərpası sahəsində mühüm xidmətlər göstərib. Görkəmli sənətkarın son işlərindən biri də 1940-cı ildə Nizami adına Milli Ədəbiyyat Muzeyinin qurulmasıdır. O, bu muzeyin bədii tərtibatının müəlliflərindən biri olub.

Cəmi 30 il… O, çox qısa fəaliyyəti müddətində bir çox mükafatlara, fəxri fərmanlara və “Şərəf nişanı” ordeninə layiq görülüb.

Dərin biliyə, bacarıq və istedada malik olan, yaradıcı rəssam bəlkə də, uzun ömür yaşasa idi Azərbaycanın mədəniyyət və incəsənətinə daha da böyük töhfələr verəcəkdi. Ancaq vaxtsız əcəl hələ 30 yaşında onun canını aldı. 1940-cı il iyul ayının 19-da Bakı şəhərində vəfat edən Rüstəm Mustafayev birinci Fəxri Xiyabanda dəfn olunub.

Gənc rəssam haqqında dostu, həmkarı Qəzənfər Xalıqov öz xatirəsində qeyd edib ki, “Rüstəmin yaradıcılığı müasirlərindən bir də onunla fərqlənirdi ki, o, teatr tərtibatı sənətinin nailiyyətlərini milli ənənələrimizlə zənginləşdirməyə qabil sənətkar idi. O vaxt çox gənc olmasına baxmayaraq, indi də yaşayıb-yaradan bəzi rəssamlarımızın yaradıcılığının formalaşmasında danılmaz əməyi olub. Mən deyərdim ki, onun ölümü nəinki dostları, eyni zamanda, bütün Azərbaycan xalqı, incəsənətimiz üçün əvəzsiz itki idi”.

Xatirəsi əziz tutulan rəssamın adı ölümündən üç il sonra Azərbaycan Dövlət İncəsənət Muzeyinə verilib.

Səriyyə Salahova

Naxçıvan televiziyasının redaktoru

 

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM