NTV xəbər verir ki, Naxçıvan Dövlət Kukla Teatrı ilk dəfə olaraq Türkiyənin Van şəhərində keçiriləcək III Beynəlxalq Monotamaşalar Festivalında iştirak edəcək.
22–28 sentyabr 2026-cı il tarixlərində keçiriləcək festivalda Naxçıvan Dövlət Kukla Teatrı “Killerlərdən Teleqram” və “Səssiz fəryad” monotamaşaları ilə Azərbaycanı təmsil edəcək.
Teatrın beynəlxalq festivalda ilk dəfə iştirakı Naxçıvan teatrının yaradıcılıq imkanlarının beynəlxalq teatr ictimaiyyətinə təqdim olunması baxımından əhəmiyyətli hadisədir. Bu iştirak, eyni zamanda, Azərbaycan teatr sənətinin müasir yaradıcılıq nümunələrinin və milli teatr ənənələrinin beynəlxalq səviyyədə tanıdılmasına xidmət edir.
III Beynəlxalq Monotamaşalar Festivalında müxtəlif ölkələrdən teatr kollektivlərinin və sənət nümayəndələrinin iştirakı nəzərdə tutulur. Festival teatrlar arasında yaradıcılıq əlaqələrinin genişləndirilməsi və beynəlxalq teatr mübadiləsinin inkişafı baxımından da mühüm əhəmiyyət daşıyır.
Naxçıvan Dövlət Kukla Teatrının festivalda iştirakı Azərbaycan teatrının beynəlxalq səhnədə təqdimatı baxımından diqqətçəkən mədəni hadisələrdən biri olacaq.
