Martın 17-də Xocalı şəhərində Novruzun müjdəçisi olan torpaq çərşənbəsi münasibətilə bayram tonqalları yandırılıb.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən NTV-yə verilən məlumata görə, Xocalı şəhərinin mərkəzində, eləcə də köç həyata keçirilən kəndlərdə sakinlər bir araya gələrək, bayram tonqalları ətrafında toplaşıblar. Doğma torpaqlarına qayıdan insanlar torpaq çərşənbəsini sevinc və qürur hissi ilə qeyd ediblər. Sakinlər bir-birini bayram münasibətilə təbrik edib, Novruz ənənələrini yaşadıblar. Səsləndirilən musiqi nömrələri və bayram ovqatlı çıxışlar tədbirə xüsusi rəng qataraq insanlarda yüksək əhval-ruhiyyə yaradıb.
İllər sonra doğma yurdda yandırılan bu tonqallar torpağın dirçəlişinin, həyatın yenidən qayıdışının rəmzi kimi sakinlərə böyük sevinc bəxş edib. Xocalıda ucalan bayram tonqalları həm də azad torpaqlarımızda həyatın bərpa olunduğunu göstərən qürurverici mənzərə yaradıb. Sakinlər bildiriblər ki, bu gün doğma yurdlarında torpaq çərşənbəsini qeyd etmək, onlar üçün ən böyük xoşbəxtlikdir.
