AZƏRBAYCAN RESPUBLİKASININ MÜZƏFFƏR ALİ BAŞ KOMANDANININ TÜRK DÖVLƏTLƏRİ TƏŞKİLATINDA BİRLƏŞDİRİCİ ROLU VƏ YA YENİ PERSPEKTİVLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ MÜZƏFFƏR ALİ BAŞ KOMANDANININ TÜRK DÖVLƏTLƏRİ TƏŞKİLATINDA BİRLƏŞDİRİCİ ROLU VƏ YA YENİ PERSPEKTİVLƏR

Türk Dövlətləri Təşkilatı 3 oktyabr 2009-cu ildə Naxçıvan şəhərində imzalanan Naxçıvan müqaviləsi ilə Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan arasında əlaqələr qurulduğu gündən böyük bir yol qət edib. Türkün Turana açılan qapısı Naxçıvanda TDT-nin qurulması simvolik əhəmiyyət kəsb edir. TDT türk dövlətlərini yaxınlaşdırmaqla yanaşı, onlar arasındakı sovetlər birliyi dövründən “miras” qalmış sərhəd problemlərinin həlli üçün də kifayət qədər böyük rol oynadı. Belə ki, Qırğızıstan Respublikası ilə Özbəkistan Respublikası 2022-ci ildə razılığa gələrək anklav və eksklavlar problemini həll edərək, sərhəddin delimitasiyası üzrə razılığa gəldilər. Eyni zamanda Fərqanə vadisində də mübahisəli ərazilər üzərində tərəflərin mövqeyində yumşalma prosesi yaşanır.

Azərbaycan Respublikasının şanlı Qarabağ zəfərindən sonra türk respublikalarının rəhbərlərinin işğaldan azad edilmiş ərazilərə səfəri TDT dövlətləri arasındakı münasibətlərin yaxınlaşması üçün xüsusi əhəmiyyətə malikdir.

2021-ci il iyunun 15-də Şuşa şəhərində Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında imzalanmış Şuşa Bəyannaməsi türk müttəfiqliyinin rüşeymi hesab edilə bilərdi. Belə ki, iyulun 6-da Şuşada “Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünün Qarabağ Bəyannaməsi”nin imzalanması türk birliyi istiqamətində atılmış addımların davamı və bu günə qədər ki, kuliminasiya nöqtəsi idi.

TDT-nin qeyri-rəsmi Zirvə görüşünün 2023-cü ildə “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilmiş Şuşa şəhərində keçirilməsinin tarixi dəyərinin “Qarabağ Bəyannaməsi”ndə üzv dövlətlər tərəfindən vurğulanması isə Azərbaycanın Türk dünyasına, Türk dünyasının isə Azərbaycana verdiyi əhəmiyyətin bariz nümunəsidir. Heç təsadüfi deyildir ki, Müzəffər Ali Baş Komandan Azərbaycanın bütün ərazilərində keçirilmiş prezident seçkilərində fevralın 14-də keçirilən andiçmə mərasimində deyirdi: “Bu bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır”.

Üzərindən cəmi bir neçə ay keçməmiş “Qarabağ Bəyannaməsinin” preambulasında Prezident İlham Əliyevin ifadə etdiyi kimi: “Türk dünyasını regionda və dünyada sülh, təhlükəsizlik, sabitlik, inkişaf və tərəqqi ideyalarına sadiq olan türk xalqlarının ortaq etnik köklər, tarix, dil, mədəniyyət, ənənələr və dəyərlərinə söykənən ailə...” olmasını hesab edərək “Qarabağ Bəyannaməsini” qəbul etdilər.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Qarbağda məktəb tikdirməsi də TDT-də milli birliyin təzahürlərindəndir. Təsadüfi deyildir ki, Azərbaycan Prezidenti İlham Əliyev özbəkistanlı həmkarı Şavkat Mirziyoyev ilə görüşündə belə deyirdi: “Mən Özbəkistana səfərlərimi böyük səmimiyyətlə xatırlayıram. Göstərilən qonaqpərvərliyi xoş duyğularla xatırlayıram. Həmçinin Qarabağın bərpasında iştiraka görə bir daha təşəkkürümü bildirmək istəyirəm. Bu, xarici dövlət tərəfindən maliyyələşdirilən ilk xarici layihədir. Bu sizin tərəfinizdən keçmiş köçkünlərə hədiyyə edilən məktəbdir. Biz buna görə çox minnətdarıq. Azərbaycan xalqı bunu yüksək qiymətləndirir. Tikinti işləri sürətlə gedir. İnşallah, bu il birlikdə qeyd edəcəyik”.

Həmçinin Qazaxıstan Respublikasının Qarabağda yaradıcılıq məktəbi tikdirməsini Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 11-də Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündəki çıxışı zamanı belə qeyd edirdi: “Bunlar Azərbaycan və özbək, Azərbaycan və qazax xalqları arasında olan qardaşlığın təzahürüdür”.

Əlavə olaraq onu da qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası tərəfindən qardaş Türkiyə Respublikasında 28 hektar “Azərbaycan” məhəlləsi salınır. MİDA-nın Aparat rəhbəri Fərman Qurbanlı “Şəhərsalma Həftəsi-2023” çərçivəsində təşkil olunan “Ümumdünya Məskunlaşma Günü” Forumundakı panel çıxışında deyirdi:

“Azərbaycan məhəlləsinin yerləşəcəyi ərazi seysmik zona hesab edilir. Belə ərazilərdə bina tikintisinə başlamazdan öncə seysmik aktivlik təhlil edilir. Nəticədə, tikiləcək binaların materialları, müvafiq əmsallar qərarlaşdırılır...”

Qeyd olunanlar onu deməyə imkan verir ki, türk respublikaları tək sözdə deyil, əməldə də bir-birlərini dəstəkləyirlər.

Bütün bunlar TDT-nin dünya miqyasında daha ciddi və nüfuzlu quruma çevrilməsi üçün atılan əhəmiyyətli addımlardır. Belə ki, TDT üzv dövlətlər geosiyasi məsələlərə toxunaraq sülh və sabitlik üçün çağırışlar edirlər. Şuşada Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə qəbul edilən “Qarabağ Bəyannaməsi”nin 25-ci maddəsində deyilir:

“Qəzzada baş vermiş humanitar fəlakət vəziyyətinə görə dərin narahatlığını ifadə edir və mülki əhalinin seçimsiz hədəfə alınmasını qınayır; dərhal və daimi atəşkəsin təmin edilməsinə, Qəzzaya maneəsiz humanitar yardımın göstərilməsinə, eləcə də beynəlxalq hüquqa, o cümlədən BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə tam riayət edilməsinə; daha sonra İsrail-Fələstin münaqişəsinin iki dövlətli həll əsasında ədalətli və uzunmüddətli həllinə çağırırlar;

Paytaxtı Şərqi Qüds olmaqla, 1967-ci il sərhədlərinə əsaslanan, müstəqil, suveren və vahid Fələstin dövlətinin beynəlxalq səviyyədə tanınmasını dəstəkləyir, Fələstin dövlətinin BMT-yə üzvlüyə yararlı olduğunu və buna görə də onun BMT-yə üzvlüyə qəbul edilməli olduğunu müəyyən edən BMT Baş Assambleyasının 2024-cü il 10 may tarixli qətnaməsinin qəbul olunmasını məmnuniyyətlə alqışlayır; habelə bunu etməyən bütün ölkələri Fələstin dövlətini tanımağa çağırırlar”.

Atilla Öztürk – siyasi şərhçi, AISEDA İctimai Birliyinin həmtəsisçisi,

Naxçıvan Dövlət Universitetinin baş hüquqşünası və Hüquq fənləri kafedrasının müəllimi

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM