YAŞIL DÜNYA NAMİNƏ MÜBARİZƏYƏ AZƏRBAYCAN TÖHFƏSİ

YAŞIL DÜNYA NAMİNƏ MÜBARİZƏYƏ AZƏRBAYCAN TÖHFƏSİ

Son dövrlərdə Azərbaycanın qüdrətli bir ölkə olaraq bütün dünyaya sərgilədiyi nailiyyətlərdən biri COP29 konfransının ölkədə baş tutmasıdır. Azərbaycan təkcə bu möhtəşəm beynəlxalq tədbirə ev sahibliyi etməsi ilə deyil, həm də iştirakçıların da birmənalı olaraq təsdiqlədiyi kimi, qonaqlarını ən yüksək imkanlar və təhlükəsizlik şəraitində ağırladığı üçün diqqət mərkəzinə gəlmişdir.

Məlum olduğu kimi, 2024-cü ilin Azərbaycan Respublikasında “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında ölkə başçısı cənab İlham Əliyev tərəfindən sərəncam imzalanmışdır. Sərəncamda da öz yerini tapdığı kimi, “Azərbaycan Respublikası beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verir”. 196 ölkədən 72 min iştirakçının, o cümlədən 80 prezident, vitse-prezident və Baş nazirin qatıldığı mötəbər COP29 tədbiri Azərbaycanı dünyanın təkcə gözünün dikildiyi yer olaraq deyil, həm də qəlbinin döyündüyü və fikirlərin mərkəzləşdiyi bir yer olmaqla diqqət mərkəzinə gətirdi. COP29 beynəlxalq tədbirinin məqsədi dünyada iqlim dəyişikliyinə qarşı mübarizə aparmaqda xalqların və dövlətlərin birgə işbirliyini təşkil etmək və problemin həllinə nail olmaqdan ibarətdir. Bu humanist və beynəlxalq əhəmiyyətli tədbirə ev sahibliyi etməkdə Azərbaycanın daha çox haqqı var idi. Əvvəla ona görə ki, Azərbaycanın 20 faiz torpaqları faşist və işğalçı Ermənistan tərəfindən 30 ilə yaxın müddətdə işğal altında saxlanılaraq hər cür istismar edilmiş, xarabazara, quru səhraya çevrilmişdir. Azərbaycanın Müzəffər Ali Baş Komandanı dolğun ifadə edirdi ki, bu yerlərdən sanki vəhşi bir qəbilə keçib. İşğalçı ermənilər nəinki yaşayış evlərinə, mədəni sərvətlərə, infrastruktura zərər vermiş, bütün canlı zəngin təbiəti viranəyə çevirmiş, suyunu qurutmuş, flora və faunasını məhv etmişdir. Bu isə, əlbəttə, birinci növbədə Azərbaycan xalqına və dövlətinə düşmənçilik məqsədilə həyata keçirlmişdir. Verilən zərər məhz Azərbsaycan dövlətinə, onun iqliminə, təbiətinə, yeraltı və yerüstü sərvətlərinə olan talançılıq, hüquq pozğunluğu, düşmənçilik aktı idi. İkincisi isə, bu dəhşətli soyqırımı hadisələri Azərbaycana qarşı Azərbaycan torpaqlarında baş verir, Azərbaycan təbiətini məhvə məruz qoyurdusa, bunun zərəri, mənfi nəticələri həm də yaxın qonşulara, o cümlədən bütün dünyaya, bəşəriyyətə qarşı yönlənir və zərər verirdi. Buna görə də Azərbaycan Respublikasının haqqı idi ki, dünyanın ikili siyasətinə qarşı səbir etdiyi 30 illik işğala və onun təbiətinə qarşı erməni barbarlığına son qoysun və öz haqqını əldə etsin. 2020-ci ildə məhz uzaqgörən Azərbaycan Prezidentinin rəhbərliyi altında Müzəffər Azərbaycan Ordusunun həyata keçirdiyi “Dəmir yumruq” əməliyyatı işğalçı Ermənistana həm gününü göstərdi, həm də öz torpaqlarından gavurları iti qovan kimi qovdu. 44 günlük Vətən müharibəsində Azərbaycan xalqı, sözün əsl mənasında, özünün dəmir yumruq kimi milli birliyini və əzmini nümayiş etdirdi. Azərbaycan Ordusu özünün silah-sursat təchizatı ilə bərabər, həm də döyüş qüdrətini və qələbə əzmini göstərdi. Cəmi 44 gündə hər cür müdafiə olunan Ermənistan ordusunu ağır məğlubiyyətə uğradan və təslimçi akta qol çəkdirməyə məcbur edən Azərbaycan Ordusu dünya tarixinə şanlı bir qələbə, döyüş mədəniyyəti və tarixdə daim yeri olacaq döyüş peşəkarlığı nümayiş etdirdi. Bu günlərdə xüsusilə diqqəti çəkən, Azərbaycan xalqını qələbə ümidinə səsləyən ən əhəmiyyətli fakt Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diplomatik məharəti və siyasi uzaqgörənliyi idi. Xüsusi məqsədlərlə gəlib dolaşdırıcı suallarla özlərini “prokuror kimi aparan” mediya nümayəndələrinə qarşı Müzəffər Ali Baş Komandan İlham Əliyevin dolğun cavablarla verdiyi dərs hər bir Azərbaycan vətəndaşında qürur və inam hissi yaratdı. Eyni qürurverici əzm və dünyanın ikili siyasətinə qarşı Azərbaycan xalqının səsini göstərən davranışı dünya COP29 tədbirində cənab Prezidentin çıxışı ilə gördü. Cənab Prezident dünyaya, ikili siyasət yürüdən qüvvələrə səslənərək Azərbaycan xalqının qətiyyətli cavabını ifadə etdi: “Mənim sonuncu mesajım təxminən bir ildir ki, boykotu təşviq edən dairələrədir. Onlar əllərində olan bütün alətlərdən istifadə etdilər ki, Bakıda COP29-u boykot kampaniyası başlansın. Onlara pis xəbər var: bizim 196 ölkədən gəlmiş və qeydiyyatdan keçmiş 72 min iştirakçımız var. Onların sırasında 80 prezident, vitse-prezident və Baş nazirlər var. Beləliklə, dünya Bakıya toplaşıb və biz bütün dünyaya deyirik: Azərbaycana xoş gəlmisiniz!” Bu səsləniş, bu mesaj dünyaya şanlı Zəfərdən sonra Azərbaycan xalqının növbəti bir səslənişi idi. Azərbaycan növbəti dəfə ikili standartlar nümayiş etdirən siyasi qüvvələrə qarşı mötəbər bir tədbirdə özünün qalib səsilə səslənərək milli və siyasi iradəsini ortaya qoydu.

Azərbaycanda keçirilən COP29 beynəlxalq konfransı həm də bəşəriyyətin taleyi naminə humanist bir ölkənin ciddi siyasi əzmlə qayğılanması və praqmatik fəaliyyəti idi. COP-un Azərbaycanda keçirilən konfransı dünyada bəzi işğalçı siyasi qüvvələrin təbiəti istismar predmetinə və siyasi təsir alətinə çevirməsinə qarşı qətiyyətli mesajları ilə səciyyənləndi. COP29-un Liderlər Sammitinin açılışında çıxış edərək dünyaya səslənən Prezident İlham Əliyev başda işğalçı və istismarçı Fransa hökuməti olmaqla onların bəşəriyyəti təhdid altına alan davranışlarına qarşı aydın və sərt münasibətini ifadə etdi. Belə ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev COP29 çərçivəsində keçirilən İnkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) Sammitində çıxışı zamanı Fransanın Makron hakimiyyətinin yürütdüyü müstəmləkəçilik siyasətini konkret faktlar əsasında sərt tənqidə məruz qoydu. Cənab Prezident Fransa hökumətinin Yeni Kaledoniyada, dənizaşırı ərazilərdə törətdikləri cinayətləri dünya ictimaiyyətinin diqqətinə çatdırmış, həmçinin təbiəti istismar və yerli əhalini milli sərvətindən məhrum edən Fransanın işğalçı hakimiyyətinin insan haqlarına sığmayan fəaliyyətinə diqqəti cəlb etdirmişdi. Əlbəttə, Azərbaycandan eşidilən bu sözlər, adətən, ittihamçı kimi davranmağa alışmış Fransa hökuməti, Ermənistan və erməni lobbisinin mənafeyini müdafiə edən qüvvələrin xoşuna gəlmədiyi üçün Azərbaycanın humanist fəaliyyətinə qarşı qarayaxma kampaniyalarına güc verməyə başlamışlar. Lakin bu cür humanizmi təhdid altına altına qüvvələr bilməlidirlər ki, öz haqq işini 44 günlük müharibə ilə ədalətə çatdıran Azərbaycan Respublikası hansısa qüvvələrin dünyanı, ayrı-ayrı xalqların taleyini qara rəngə boyayan davranışlarına qarşı da məhz belə qətiyyətli və dimdik dayanacaq, öz insanpərvər iradəsini ortaya qoymaqdan vaz keçməyəcəkdir. COP29 bir daha Azərbaycandan dünyaya və müxtəlif qüvvələrə səsləniş etdi ki, təbiət və onun enerjisi bütün insanlığın haqqıdır. İnsanları yaşıl dünyanın faydalarından heç bir qüvvə məhrum edə bilməz və etməməlidir. Hər zaman humanist mövqedən çıxış edən Azərbaycan COP29 tribunasından da bəyan etdi ki, işğalçılığa və istismarçılığa qarşı mübarizədə qətiyyətli olan bir ölkə olaraq Fransa kimi dövlətlərin insanlığa qarşı zərərverici davranışlarına qarşı mübarizə aparacaqdır.

Azərbaycan Respublikasnın Prezidenti bəyan etdi ki, ölkədə yaşıl dünya naminə faydalı tədbirlər geniş və əhatəli şəkildə həyata keçirilir. Ən əsası, Azərbaycan işğalçı Ermənistanın viranə qoyduğu azad edilmiş torpaqlarda yaşıllaşdırma tədbirlərini uğurla həyata keçirir. Azərbaycan Prezidenti dünyaya elan etdi ki, “Yaşıl gündəliyimiz, həmçinin Azərbaycanın müxtəlif bölgələrini əhatə edir. Beləliklə, Azərbaycanın Naxçıvan, Qarabağ və Şərqi Zəngəzur regionları yaşıl enerji zonaları elan edilib və bu, ərazimizin, demək olar ki, dörddəbir hissəsidir”. Bu baxımdan qeyd etməliyik ki, yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli kimi məsələlər Azərbaycan Respublikasının enerji siyasətinin başlıca məsələsini təşkil edir. Yaşıl dünya naminə əməli töhfələr sırasında Azərbaycanın elektrik enerjisi istehsalı sahəsində də bərpa olunan enerji mənbələrinə müraciət etməsi və əhəmiyyət verməsi xüsusi rəğbət doğurur. Azərbaycanda müxtəlif ərazilərdə, o cümlədən Naxçıvanda bərpa olunanan enerji mənbələrinin artışı, bu kimi layihələrə marağın çoxalması və maliyyə vəsaitlərinin ayrılması iqlim dəyişikliklərinin fəsadlarına qarşı əməli mübarizə tədbirləri kimi razılıq doğurur.

İqlim dəyişiklikləri və onun fəsadları müharibələr qədər bəşəriyyətin taleyini təhdid edən səbəblər sırasındadır. Əslində iqlim dəyişiklərini yaradan və ciddi fəsadlara yol açan da insanların müharibə əməllərinin ağır nəticələridir. Bütün dünyada təbiətin qısırlaşması, yaşıllıqların azalması, quru səhraların artışı, sususzluğun hökm sürməsi, xəstəliklərin çoxalması, qeyri-adi təbii hadisə və fəlakətlərin meydana gəlməsi və s. dünyanın taleyini qaranlıqlara və ümidsizliyə aparan səbəblərdəndirlər. Həlli yolu isə 2024-cü ilin Azərbaycan Respublikasında “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamında əksini tapdığı kimi, “iqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi”, xalqların həmrəyliyi və əməli birliyi istiqamətində fikir birliyinə nail olunmasındadır.

Xəzəngül ORUCOVA

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin deputatı

 

 

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM