Prezidentdən şimalda Rusiyaya, cənubda İrana, qərbdə Fransaya açıq mesaj

Prezidentdən şimalda Rusiyaya, cənubda İrana, qərbdə Fransaya açıq mesaj

Ölkə başçısının siyasi iradəsi, prinsipial mövqeyi, qətiyyətli addımları və təlatümlü çıxışları artıq bütün dünyada rezonans doğurur. Cənab Prezidentin yerli kanallara verdiyi müsahibədə səsləndirdiyi fikirlər, əslində, dünyaya ünvanladığı çağırış idi. Bu çağırışda ölkə başçısının özəl vurğularla tam açıq danışması  onu öz həmkarlarından daha da fərqləndirdi. O, sözün əsl mənasında, dünya miqyaslı  liderdir. O lider ki supergüclərin ermənistanı müdafiə etdiyi bir dönəmdə döyüş əmri verərək ərazi bütövlüyümüzün bərpasına nail oldu. Ölkə başçısı artıq digər ölkələrə yol xəritəsi göstərən liderə çevrilib.

Təyyarə qəzasından sonra Rusiyanın ünvanına kəskin, cəsarətli və alovlu sözlərini əsirgəməyən ölkə başçısı, həmçinin cənubda Tehrana və qərbdə Fransaya da lazımi “ürək sözləri”ni çatdırdı. Bəlkə də, Tehrandakı səfirliyimizdə qanlı terror əməli törətmiş qatilin edamı ilə bağlı Prezidentə verilən, amma yerinə yetirilməyən sözə görə… Fransa hökumətinin Xankəndidəki qondarma rejimi “dövlət” kimi tanımaq yönündə göstərdiyi cəhdlərə görə… Bu sözləri artıqlaması ilə, həmçinin revanşizmdən hələ də əl çəkməyən Ermənistana da çatdırdı. Heç düşündünüzmü dövlət başçısı dörd yana eyni vaxta necə sərt mesaj verdi?

Rusiya Federasiyasının Prezidenti bir gündə iki dəfə Azərbaycan Prezidenti ilə telefonla danışaraq üzrxahlıq etdi

Mövzu ilə bağlı NUHÇIXAN-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib ki, ötən ilin dekabr ayında baş vermiş təyyarə qəzası zamanı Azərbaycan Prezidentinin operativ prinsipial reaksiyası bütün dünyaya təqdim olundu. Hadisə ilə əlaqədar Azərbaycanın qətiyyətli mövqeyi Rusiyaya çatdırıldı. Yalnız bundan sonra bu hadisəni ört-basdır etməyə çalışan Rusiya subyektləri özlərinə çəki-düzən verdilər. Eyni zamanda Rusiyanın bəzi nümayəndələrinin bu məsələdə məsul olduğunu Azərbaycan Prezidenti şəxsən özü dilə gətirdi. Azərbaycan Prezidentinin verdiyi mesajlar Rusiya tərəfindən də adekvat reflekslə qarşılandı. Və Rusiya Federasiyasının Prezidenti bir gündə iki dəfə Azərbaycan Prezidenti ilə telefonla danışaraq üzrxahlıq etdi. Amma ölkə başçısı tək bununla da kifayətlənmədi. Prezident yerli mediaya müsahibəsində qeyd etdi ki, qəzadan sonra hadisənin necə baş verməsinin obyektiv araşdırılması ilə əlaqədar olaraq şübhələr olduğu üçün bu hadisənin məhz beynəlxalq ekspertlər tərəfindən öyrənilməsi məsələsi gündəmə gəldi. Xüsusən istehsalçı şirkətin nümayəndələrinin də iştirakı ilə Rusiya, Azərbaycan və Qazaxıstan ekspertləri hadisənin baş vermə səbəblərini araşdırdı. Bu da Azərbaycan Prezidentinin Azərbaycan vətəndaşına və onun təhlükəsizliyinə olan münasibətinin göstəricisi kimi yadda qaldı. Və Azərbaycanın bu məsələdə axıra qədər israr edərək obyektiv nəticəni əldə edəcəyini göstərdi. Bu proses 2002-ci il fevral ayının 22-də imzalanmış Rusiya və Azərbaycan arasında müttəfiqlik birgə fəaliyyəti haqqında müqavilələrin şərtlərinə və ruhuna  uyğun olmalıdır. Ona görə də bir daha Azərbaycan Prezidenti müsahibəsində  bu məsələni önə çəkərək Rusiya Federasiyasının ərazisində baş vermiş hadisənin dəqiq, düzgün, obyektiv araşdırılmasının vacibliyini vurğuladı. Çünki təyyarəyə kənardan zərbə məhz Rusiya Federasiyasının ərazisində dəyib və həmin ərazidə enişə icazə verilməyib. Buna görə də bu hadisə heç bir halda üstündən keçiləsi hadisə deyil və Azərbaycan-Rusiya münasibətlərində mütləq buna şəffaflıq və aydınlıq gətirilməlidir ki, Rusiya-Azərbaycan münasibətləri bundan sonra da etibarlı tərəfdaş münasibətləri kimi davam etsin.

Ermənistanın silahlandırılması, Fransa ilə gərginlik, İranla anlaşmazlıqlar, ABŞ-la bundan sonrakı münasibətlər...

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Emin Şıxəliyev qeyd edib ki, Prezident cənab İlham Əliyevin ötən gün yerli kanallara verdiyi müsahibəsində Azərbaycanın gələcək addımlarının konturlarını cızdı, bir sıra ölkələrlə bundan sonrakı münasibətlərin siqnallarını verdi. Cənab Prezidentin verdiyi mesajlar Ermənistanla sülh prosesini, bu ölkənin silahlandırılması, Fransa ilə gərginlik, İranla anlaşmazlıqlar, ABŞ-la bundan sonrakı münasibətlər, Azərbaycanın yeni dünya nizamında yeri və sair məsələləri özündə ehtiva edir. Eyni zamanda ölkə başçısı yeni statusda qüdrətli bir Azərbaycanın dünyaya təqdimatını da etdi. Verilən mesajlarda Fransa ilə bağlı çox önəmli nüanslar və mesajlar xüsusilə diqqət çəkdi. Prezident COP29-u Fransanın siyasi motivlər səbəbindən boykot etməsi, Fransa Prezidentinin şəxsən özünün digər ölkələrin rəhbərlərinə zəng edərək Bakıya getmələrinin qarşısını almaq üçün bütün vasitələrə əl atması məsələlərinə toxundu və buna baxmayaraq, Azərbaycanın qazandığı uğurlara diqqət çəkdi. Ümumiyyətlə, Prezident cənab İlham Əliyev Fransanın ATƏT-in Minsk qrupuna həmsədrlik etdiyi dövrlərdən etibarən neytral siyasət yeritməli olduğu halda, tərəf tutaraq Ermənistanı dəstəklədiyini, vəziyyətin bu gün də dəyişmədiyini, II Qarabağ müharibəsindən sonra regionda formalaşan yeni geosiyasi reallıqlara baxmayaraq, Fransanın Ermənistanı silahlandırdığını və sair kimi məsələləri sadalayaraq Fransanın yeritdiyi bu siyasətdən əl çəkməsinin zəruri olduğunu bildirdi və qeyd etdi ki, “Ermənistana silah verən Fransa və digər ölkələr o kontraktlara xitam verməlidir, ləğv etməlidir. Artıq Ermənistana göndərilmiş silahlar geri qaytarılmalıdır. Bu bizim şərtimizdir. İndi kim bunu necə istəyir, elə də qəbul etsin. Mən sözümü deyirəm, onlar da bilirlər, onların arxasında duranlar da bilirlər ki, əgər biz nəyisə deyiriksə, deməli, artıq bu məsələyə çox ciddi yanaşırıq”. Müsahibədə, eyni zamanda Fransa Prezidentinin Azərbaycana qarşı cəfəng ittihamlar irəli sürməsinə də münasibət bildirilib və qeyd olunub: “Cənab Makron, deyəsən, Azərbaycansız yaşaya bilmir. Onda hansısa belə bir maniya yaranıb və bütün günahlarını bizim üstümüzə atmaq istəyir”. Bu hər nə qədər ittiham olsa da, əslində, Azərbaycanın gücünün, qüdrətinin, nüfuzunun artmasından xəbər verir. Cənab Prezident Azərbaycanın fransız neokolonializminin ifşa olunmasını və Fransa müstəmləkələrində olan dövlətlərin Fransanın zülmündən azad olunması prosesini dəstəkləyəcəyinin də altını xüsusilə cızıb. Bütün bunlarla yanaşı, Prezident cənab İlham Əliyev Fransa hökumətinin nümayəndələrindən təmaslar qurulması üçün siqnallar aldığını da qeyd edərək belə bir məqama da diqqət çəkir ki, ümumiyyətlə, bir şəxsə görə ölkəni onunla eyniləşdirmək də doğru yanaşma deyil. Ölkə başçısı bütün dövlətlərlə olduğu kimi, Fransa ilə də gələcəkdə səmimi münasibətlərə açıq ola biləcəyinin də mesajlarını vermiş oldu. Çünki, sözün həqiqi mənasında, Azərbaycan və onun müzəffər lideri sülh carçısı, ədalət tərəfdarıdır, onunla səmimi münasibət qurmaq istəyən bütün dövlətlərə qarşı anlayışlı olub və olacaq.

İran mərkəzi hakimiyyəti  özünü elə apardı ki, guya bu məsələdən xəbərdar deyil

Mətbuat Şurası İdarə heyətinin üzvü, siyasətçi Yeganə Hacıyeva ölkə başçısının müsahibəsini şərh edərək vurğulayıb ki, Azərbaycan və İran haqqında danışırıqsa, tarixən yaxın olan bu iki ölkə arasındakı münasibətlər ticarət-iqtisadi, nəqliyyat, logistika və enerji sahəsində davam edir. İki ölkə arasında digər  sahələrdə də əlaqələr  tarixən həmişə mövcud olub. Hazırkı mərhələdə Azərbaycan İran üçün münasibətlərin inkişaf etdirilməsində digərlərindən daha çox maraqlı qonşularından biridir. İki ölkə arası əlaqələrinin gücləndirilməsi yolu ilə Yaxın Şərq-Mərkəzi Asiya regionlar arası ticari-iqtisadi münasibətlərin genişlənməsinə nail olmaq mümkündür. Regional təhlükəsizliyin hazırkı vəziyyəti terrorizm, separatizm, ekstremizmlə mübarizəni vacib etməklə yanaşı, sülh və stabilliyin vacib təməlləri istiqamətində əməkdaşlığı şərtləndirir. Baxmayaraq ki, rəsmi 20 milyon, qeyri-rəsmi 40 milyona  yaxın  azərbaycanlının yaşadığı İran daxili konyuktura  Azərbaycanla xoş münasibətlər saxlamağa məcburdur. Lakin İran daxilində   siyasi, hərbi radikal qruplar mütəmadi olaraq Azərbaycana qarşı  xoşməramlı olmayan açıqlamalar verir. Bu açıqlamalardan biri də bu yaxınlarda Azərbaycan və  Türkiyə prezidentləri haqqında neqativ açıqlama idi. Bu hadisədən sonra İran mərkəzi hakimiyyəti  özünü elə apardı ki, guya bu məsələdən xəbərdar deyil.

Ölkə başçısı öz müsahibəsində açıq-aydın bildirdi ki, Azərbaycan artıq adət halını almış  İran daxili hərbi və dini, siyasi qrupların 2 qonşu dövlətlər arasındakı münasibətlərinin ruhuna yad açıqlamalarını həzm  etmək fikrində deyil. Məsələ ondadır ki, hər iki ölkə müsəlman  ölkəsidir və cəmiyyətlərdə böyüyə hörmət, rəhbərə hörmət və rəğbət kimi məqamlar özündə vacib əsasları ehtiva edir.  İran daxili belə qrupların səsləndirdiyi fikirlər   Azərbaycan cəmiyyətində İrana münasibətdə qıcıq və ikrah hissi yaradır. Ölkə başçısının da dediyi kimi bizə regional ticarət, iqtisadi tərəfdaşlıq, enerji əlaqələri və kifayət qədər dərin əlaqələr vacibdir.

Prezidentin İranla bağlı açıqlamalarından bir gün sonra İranın yüksək vəzifəli nümayəndələri Azərbaycana səfər etdi. Bu səfərin özü də regionda ciddi  risklərin və Suriyada  Əsəd hakimiyyətinin süqutunun fonunda formalaşmış yeni şərtlər və proseslərin fonunda baş verdi. Suriyada baş verən məsələlər  kifayət qədər İranın  xarici imkanlarını  limitləyib. Artıq İranın xarici siyasətinin əsasını  təşkil edən terrorçu qrupların dəstəklənməsi istiqamətində çətinliklər yaranıb. Suriyadakı proseslər İran üçün yeni şərtlər formalaşdırıb və bu yeni şərtlər  regionda hamıyla xoş münasibəti İran üçün diktə edir. Və bu  hadisələrin fonunda İranın daxili qruplarının məhz  Azərbaycan və Türkiyə prezidentləri ilə bağlı neqativ  açıqlamaları, əslində, İranın  gələcəyi üçün  böyük təhlükədir.

Fariz Əhmədov

NUHÇIXAN

 

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM