Qlobal medianın gələcəyini müzakirə etmək üçün Şuşa Qlobal Media Forumundan daha uyğun məkan tapmaq çətindir. Şuşa yalnız şəhər deyil, həm də bir rəmzdir. Əsrlər boyu bura ədəbiyyatın, musiqinin, jurnalistikanın və ictimai fikrin çiçəkləndiyi intellektual və mədəni müzakirə məkanlarından biri olub. Hazırda isə bura dialoqun, ideyaların və beynəlxalq əməkdaşlığın yenidən qurulduğu məkana çevrilir.
NTV xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Şuşada keçirilən “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda IV Şuşa Qlobal Media Forumunda çıxışı zamanı deyib.
O qeyd edib ki, Şuşa Qlobal Media Forumu sadəcə konfrans deyil, jurnalistlərin, siyasətçilərin, akademik və texnologiya liderlərinin medianın ən vacib dəyərlərindən birini, yəni həqiqəti və faktları qoruyub saxlamaq yolları araşdırmaq üçün platformadır. Çünkü hazırda informasiya və dezinformasiyanın çox sürətlə yayılır. Etimad isə çox vaxt və mütəmadi olaraq geridə qalır. Süni intellekt jurnalistikanı yenidən formalaşdırır.
“İndi sülh təkcə diplomatiyadan deyil, həm də məsuliyyətli kommunikasiyadan asılıdır. Münaqişələr yalnız döyüş meydanında deyil, həm də informasiya məkanında aparılır. İndi Ermənistan cəmiyyətinin bəzi dairələrində revanşist qüvvələr hələ də baş qaldırmaqda davam etdiyi bir vaxtda, medianın təhriflərə müqavimət göstərmək, nifrəti rədd etmək və həqiqəti müdafiə etmək məsuliyyəti daha da artır. Münaqişə artıq bitsə də, Ermənistan mediasında revanşist qüvvələr hələ də üstünlük təşkil edir. Hətta bəzi beynəlxalq media qurumları da bizi yenidən münaqişənin başladığı "sıfır nöqtəsinə" geri sürükləməyə çalışırlar”, - deyə Hikmət Hacıyev bildirib.
