İsveç Krallığında fəaliyyət göstərən Azərbaycan icması ölkəmizin sülh səylərinin dəstəklənməsi ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib.
İsveç Azərbaycanlıları Koordinasiya Şurası adından Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrədəki mənzil-qərargahına ünvanlanan bəyanatda bildirilib ki, Azərbaycan əsilli isveçlilər Ermənistanda mövcud olan revanşist əhval-ruhiyyəli qüvvələrin və erməni diasporunun yolverilməz əməlləri nəticəsində Cənubi Qafqaz regionunda yaranmış mövcud vəziyyətdən dərin narahatlıq hissi keçirirlər.
Bu barədə Naxçıvan televiziyası-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, bəyanatda 30 il ərzində Ermənistanın işğalçı siyasəti nəticəsində Azərbaycanın Qarabağ bölgəsinin xarabalığa çevrildiyi və 2020-ci ildə baş vermiş müharibədən sonra qalmış aktual problemlərin son 3 il ərzində həll olunmadığı diqqətə çatdırılıb.
Ermənistan silahlı qüvvələri tərəfindən basdırılmış minalar nəticəsində bu günədək Azərbaycanın 300-dən çox günahsız mülki vətəndaşının və hərbi qulluqçusunun həlak olduğu və yaralandığı, regional əməkdaşlığa sadiqliyini qonşu Gürcüstanın timsalında sübut edən Azərbaycanın beynəlxalq hüquqa uyğun olaraq öz ərazilərində, o cümlədən nəqliyyat-kommunikasiya yolları üzərində suverenliyini qorumağa çalışdığı, Xankəndi-Laçın yolunun açıq olduğu kimi faktlar bir daha sadalanıb.
İsveç Azərbaycanlıları Koordinasiya Şurası bu kritik və önəmli mərhələdə beynəlxalq təşkilatları erməni uydurmalarına inanmamağa çağırıb. İşğaldan azad edilmiş Qarabağda irimiqyaslı bərpa-yenidənqurma layihələri həyata keçirmək məqsədilə bölgəyə çoxmilyardlı sərmayələr yatıran Azərbaycanın sülhsevər mövqeyini əməli şəkildə dəstəkləməyə və tərəflər arasında konstruktiv dialoqun təşviqinə yardım göstərməyə dəvət edib.
