21 aprel tarixi Ümumdünya Yaradıcılıq və İnnovasiya Günü kimi qeyd olunur. Bu əlamətdar gün Birləşmiş Millətlər Təşkilatının beynəlxalq günlər sisteminin bir hissəsidir. İlk dəfə 2002-ci ildə qeyri-rəsmi şəkildə qeyd olunmuş bu gün, 2017-ci ildə BMT Baş Assambleyasının qərarı ilə rəsmiləşdirilib. Onun təsis edilməsində əsas məqsəd Dayanıqlı İnkişaf Məqsədlərinə (SDG) nail olmaq üçün yaradıcı yanaşmaların və innovativ həllərin əhəmiyyətini vurğulamaqdır.
BMT-nin bu günlə bağlı yaydığı məlumatda bildirilir:
“Yaradıcılıq haqqında universal bir anlayış olmasa da, bu anlayış iqtisadi, sosial və davamlı inkişaf kontekstində bədii ifadədən problemin həllinə qədər müxtəlif cür şərh edilə bilər. Buna görə də Birləşmiş Millətlər Təşkilatı insan inkişafının bütün sahələrində yaradıcılıq və innovasiyanın roluna dair məlumatlılığı artırmaq məqsədilə 21 aprel tarixini Ümumdünya Yaradıcılıq və İnnovasiya Günü kimi qeyd edir.”
Bəyanatda o da vurğulanır ki, yaradıcılıq bəşəriyyətin zəngin mədəniyyətlərinin formalaşmasına xidmət edir, sosial və iqtisadi inkişafı dəstəkləyir. BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO) 2005-ci il Konvensiyasından sonra ölkələrə yaradıcı sənayeləri gücləndirmək və sənət azadlığını təşviq etmək istiqamətində dəstək verir.
Yaradıcı iqtisadiyyatın vahid tərifi olmasa da, bu konsepsiya insan yaradıcılığı və ideyaları ilə yanaşı, əqli mülkiyyət, bilik və texnologiya arasında qarşılıqlı əlaqə üzərində qurulan dinamik bir sahədir. Audiovizual məhsullar, dizayn, yeni media, ifaçılıq sənəti, nəşriyyat və təsviri sənət kimi sahələri əhatə edən yaradıcı sənayelər dünya iqtisadiyyatında mühüm yer tutur. Bu sahə həm gəlir gətirir, həm də yeni iş yerləri və ixrac imkanları yaradır.
Mədəniyyət davamlı inkişafın əsas komponentlərindən biridir və həm fərdi, həm də cəmiyyət səviyyəsində innovasiya və yaradıcılığın əsas mənbəyi sayılır. Yaradıcılıq və mədəniyyət, eyni zamanda, inklüziv sosial inkişafa, xalqlar arasında dialoq və qarşılıqlı anlaşmaya töhfə verən qeyri-maddi dəyərə malikdir.
Bu gün kreativ sənayelər dünya iqtisadiyyatının ən sürətlə inkişaf edən sahələrindən birinə çevrilib və inkişaf etməkdə olan ölkələr üçün beynəlxalq bazarda yeni imkanlar açır. Mədəniyyət və yaradıcılıq hazırda qlobal Ümumi Daxili Məhsulun (ÜDM) 3,1 faizini, dünya üzrə məşğulluğun isə 6,2 faizini təşkil edir. Mədəni məhsul və xidmətlərin ixracı 2005-ci ildən bəri iki dəfə artaraq, 2019-cu ildə 389,1 milyard ABŞ dollarına çatıb.
UNESCO-nun “Yaradıcılıq üçün siyasətlərin yenidən formalaşdırılması – mədəniyyətin qlobal ictimai sərvət kimi tanıdılması” təşəbbüsü, dünyada bu sahədəki yeni tendensiyaları araşdırır və 2030-cu ilə qədər davamlı inkişaf naminə yaradıcı ekosistemlərin qurulması üçün siyasət tövsiyələri təqdim edir.
Azərbaycanda da bu sahədə mühüm təşəbbüslər həyata keçirilir. Onlardan biri də “Kreativ Azərbaycan” adlı virtual platformadır. Platformanın məqsədi dövlət və özəl sektorda fəaliyyət göstərən istedadlı və bacarıqlı şəxsləri bir araya gətirmək, yaradıcı sahədə aktual məsələlərin müzakirəsini təmin etməkdir.
- 12:32 21.04.2025