"Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası" (AKTA) İctimai Birliyi "Regionlarda kibertəhlükəsizlik məsələri" layihəsi üzrə pilot sorğu keçirib.
NTV AKTA-ya istinadən xəbər verir ki, sorğu QHT-lərə Dövlət Dəstəyi Agentliyinin köməyi ilə baş tutub.
Sorğunun nəticələrinə əsasən respondentlərin yalnız 45 %-i şübhəli zəng və ya mesaj zamanı hara müraciət etməli olduğunu bilir.
Pilot qiymətləndirmə 4 ərazidə, 730 respondent arasında aparılıb.
Bildirilib ki, ümumi hazırlıq indeksi 69 %, orta bal 12,42 (maksimal 18) təşkil edib. Xəzər (Bakı) regionu üzrə göstərici 74 %-ə, Mingəçevir – 73 %-ə, Saatlı – 65,5 %-ə, İmişli – 62 %-ə bərabər olub. Beləliklə regionlar üzrə fərq 12 % bəndi təşkil edib.
İkili autentifikasiya üzrə düzgün cavab indeksi 21,7 %, ümumi aşağı hazırlıq səviyyəsi 21,4 %, region üzrə ən yüksək aşağı hazırlıq payı 33,6 % (bəzi regionlarda 40%-ə yaxın) olub.
İnternetdən heç istifadə etməyənlər üzrə indeks 49 %, 60+ yaş qrupu üzrə indeks 42 % səviyyəsində qərarlaşıb.
Maarifləndirmə kanalları üzrə telefonla izah indeksi 36,8 %, televiziya – 21,5 %, bank/xidmət əməkdaşı – 16,7 % təşkil edib.
