Pakistanın DND agentliyi 2025-ci ildə ölkənin müdafiə sektorunun beynəlxalq tərəfdaşlıqlar fonunda diqqət mərkəzində olduğunu və bu prosesdə Azərbaycanla əməkdaşlığın xüsusi əhəmiyyət kəsb etdiyini yazıb.
NTV xəbər verir ki, Pakistanın DND agentliyi Pakistan ilə Azərbaycan arasında müdafiə sahəsində əməkdaşlığın 2025-ci il üzrə əsas mərhələlərinə toxunaraq, bu çərçivədə aparılan danışıqların ilin əvvəlindən başladığını bildirib. Agentliyin məlumatına görə, JF-17C (Block-III) döyüş təyyarələrinin Azərbaycana satışı ilə bağlı danışıqlara 2025-ci ilin yanvar ayında start verilib. İlkin mərhələdə 16 təyyarənin alınması nəzərdə tutulsa da, sonradan bu rəqəm 40-a çatdırılıb. Sözügedən razılaşma Pakistanın müdafiə sənayesi üçün mühüm mərhələ kimi qiymətləndirilib.
Məqalədə bildirilib ki, 2025-ci ilin iyun ayında Pakistan ilə Azərbaycan arasında ümumi dəyəri 4,6 milyard ABŞ dolları olan müdafiə sazişi imzalanıb. Razılaşmaya əsasən, Pakistan Azərbaycana 40 ədəd JF-17C (Block III) döyüş təyyarəsi tədarük edəcək. Saziş çərçivəsində həmçinin 2 milyard dollar həcmində investisiyanın nəzərdə tutulduğu və bu vəsaitin birgə sənaye layihələrinə, infrastrukturun inkişafına və mümkün yerli istehsala yönəldiləcəyi qeyd olunub. Agentlik bu müqaviləni Pakistanın müdafiə sənayesi tarixində ən iri ixrac razılaşması kimi dəyərləndirib.
DND bildirib ki, 2025-ci ilin oktyabr ayında JF-17C (Block III) təyyarələrinin ilk partiyası Azərbaycana təhvil verilib. Təslimat 4,6 milyard dollarlıq saziş çərçivəsində həyata keçirilib və bu paketə təlim, logistika və silah sistemləri də daxil edilib.
Beləliklə, Pakistanın DND agentliyinin məlumatına görə, 2025-ci il Pakistan–Azərbaycan müdafiə əməkdaşlığında mühüm mərhələ kimi yadda qalıb. İl ərzində aparılan danışıqlar, imzalanan saziş və həyata keçirilən təslimatlar iki ölkə arasında müdafiə sahəsində tərəfdaşlığın daha da dərinləşdiyini göstərib.
