Fransa Hərbi Dəniz Qüvvələri Hind okeanında, Reunyon adasının cənubunda “kölgə donanması”na aid olduğu ehtimal edilən “DF Peak” neft tankerini saxlayıb.
NTV xəbər verir ki, Prezident Emmanuel Makronun sözlərinə görə, əməliyyat beynəlxalq dəniz hüququna uyğun həyata keçirilib.
Makron “X” sosial şəbəkəsində bildirib ki, tanker Reunyon adasından 450 dəniz milindən çox məsafədə saxlanılıb. Gəminin saxta bayraq altında üzməkdə və yanacağın qanunsuz daşınmasında iştirak etməkdə şübhəli bilindiyi qeyd olunub. Prezident gəminin Rusiya ilə əlaqəsi barədə məlumat verməyib.
Fransanın xarici işlər naziri Jan-Noel Barro isə Avropa İttifaqının xarici işlər nazirlərinin görüşü ərəfəsində “kölgə donanması”na qarşı təzyiqlərin davam etdirilməsinə çağırıb. Onun sözlərinə görə, Moskva bu gəmilərdən Rusiyaya qarşı tətbiq edilən sanksiyalardan yayınmaq üçün istifadə edir.
Barro yaxın həftələrdə Rusiyaya qarşı 22-ci sanksiyalar paketinin hazırlanmasını və bu ilin payızında Parisdə “kölgə donanması”na həsr olunmuş beynəlxalq konfransın keçirilməsini təklif edib.
