Ukrayna Prezidenti Volodimir Zelenski və Almaniya Kansleri Fridrix Merts Yaxın Şərqdəki vəziyyəti və Ukrayna nizamlanması üzrə danışıqları müzakirə ediblər.
NTV xəbər verir ki, bu barədə Zelenski teleqram sosial şəbəkəsində yazıb.
"Almaniya Federal Kansleri Fridrix Merts ilə Ukraynadakı vəziyyəti və digər liderlərlə təmasları müzakirə etdik. Mən cəbhədəki vəziyyət və hava hücumundan müdafiə (HHM) üçün raketlərə olan ehtiyaclarımız barədə danışdım. Kəşfiyyatdan Rusiyanın ehtimal olunan zərbələri barədə məlumat var və məhz buna görə də indi müdafiə üçün maksimum səy göstərmək vacibdir", - Ukrayna Prezidenti yazıb.
Onun sözlərinə görə, həmçinin Ukrayna üzrə sülhə nail olmağa yönəlmiş danışıqlar prosesinə və Yaxın Şərqdəki hadisələrin gedişatı nəzərə alınmaqla onun irəliləyiş perspektivlərinə toxunulub.
"Fridrix Merts Çinə səfəri və orada keçirdiyi görüşlər barədə məlumat verdi. Çin Rusiyaya və onun müharibəni dayandırmaq istəyinə əhəmiyyətli təsir göstərə biləcək xeyli alətlər toplusuna malikdir. Bundan əlavə, kanslerin Vaşinqtonda Prezident Trampla görüşü ərəfəsində mövqelər razılaşdırıldı", - Zelenski qeyd edib.
