Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Sent-Kits və Nevis Federasiyasından olan həmkarı Denzil Llevellyn Douglas ilə görüşüb.
NTV xəbər verir ki, görüşdə Azərbaycan ilə Sent-Kits və Nevis arasında ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Siyasi dialoqun intensivləşdirilməsinin, qarşılıqlı səfərlərin təşviqinin, eləcə də BMT və Qoşulmama Hərəkatı da daxil olmaqla çoxtərəfli platformalarda institusional əlaqələndirmənin gücləndirilməsinin vacibliyi vurğulanıb.
Görüşün yekununda nazirlər “Azərbaycan Respublikası Hökuməti ilə Sent-Kits və Nevis Federasiyası Hökuməti arasında diplomatik və rəsmi/xidməti pasportlara malik şəxslər üçün vizadan qarşılıqlı azadolma haqqında Saziş”i imzalayıblar.
Bununla yanaşı, tərəflər “Azərbaycan Respublikası Hökuməti ilə Sent-Kits və Nevis Federasiyası Hökuməti arasında ümumvətəndaş pasportlarına malik şəxslər üçün viza tələbinin qarşılıqlı ləğvi haqqında Saziş”i də imzalayıblar.
Qeyd olunub ki, bu sazişlər iki ölkə arasında rəsmi səfərlərin asanlaşdırılmasına, diplomatik əlaqələrin genişləndirilməsinə və xalqlar arasında təmasların gücləndirilməsinə xidmət edəcək.
