Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri, COP29-un Prezidenti Muxtar Babayev Səudiyyə Ərəbistanının ər-Riyad şəhərində BMT-nin Səhralaşmaya qarşı mübarizə Konvensiyasının 16-cı Tərəflər Konfransı (COP16) çərçivəsində keçirilən tədbirlərdə iştirak edib.
NUHÇIXAN Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadla xəbər verir ki, nazir sessiya və panel iclaslarında çıxış edib. Çıxışlarında Bakıda uğurla keçirilmiş COP29 konfransı və əldə edilmiş nəticələr, eləcə də ölkəmizin üzləşdiyi torpaqların deqradasiyası, səhralaşma, quraqlıq, su qıtlığı kimi problemlər və onların həlli istiqamətində həyata keçirdiyi təşəbbüslər barədə məlumat verib.
Nazir qeyd edib ki, planetimizin quru ərazisinin təxminən üçdə birində özünü göstərən və milyardlarla insanın həyat şəraitinə mənfi təsir edən torpaqların deqradasiyası problemi, eləcə də biomüxtəlifliklə və iqlim dəyişikliyi ilə bağlı məsələlər inteqrasiya olunmuş qlobal həllər tələb edir.
Diqqətə çatdırılıb ki, Azərbaycan 2030-cu ilə qədər 270 000 hektar münbitsizləşmiş torpağı bərpa etməyi qarşısına məqsəd qoyaraq Bonn Çağırışına sadiq qalacağını bildirib.
“Proaktiv quraqlığın idarə edilməsi üçün qlobal və milli siyasət alətlərinin təkmilləşdirilməsi” mövzusunda keçirilən birinci nazirlər iclasındakı çıxışında nazir iqlim dəyişikliyinin regionumuzda qorxulu nümunələrindən olan Xəzər dənizinin su səviyyəsinin azalması problemini qeyd edib. Muxtar Babayev bu kimi problemlərin həlli üçün iqlim maliyyələşməsi üzrə əldə edilmiş Bakı razılığının əhəmiyyətini vurğulayıb, Bakıda “İqlim fəaliyyəti üçün su üzrə COP29 Bəyannaməsi”nin imzalanmasının bu sahədə problemlərin həllinə töhfə verəcəyinə inamını ifadə edib.
Nazir M.Babayev konfrans çərçivəsində keçirilmiş digər panel iclaslarda da çıxış edərək Azərbaycanın COP29 sədrliyinin bərpaolunan enerji sahələrindəki təşəbbüslərindən, eləcə də kritik ekosistemləri qorumaq üçün Xəzər dənizində ilk dəniz mühafizəsi sahəsinin yaradılmasından, Bakı Harmoniya İqlim təşəbbüsünün fəaliyyətə başlamasından danışıb. Nazir qeyd edib ki, sonuncu təşəbbüs kənd icmalarının, qadınların, gənclərin hüquq və imkanlarının genişləndirilməsinə yönəlib.