Naxçıvan şəhəri Ə.Əliyev küçəsində fəaliyyət göstərən “Dan yeri” marketdə Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən plandankənar yoxlama həyata keçirilib.
Agentlikdən NUHÇIXAN-a verilən məlumata görə, yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib. Belə ki, satışda olan "Sprite" markalı qazlı içkilərin yararlılıq müddətinin bitdiyi, yararlılıq müddəti bitmiş kolbasa və quş əti məhsullarının satışda olan yağ məhsulları ilə birgə eyni soyuducuda saxlanıldığı, mal qonşuluğu prinsipinə, temperatur rejiminə əməl edilmədiyi, qida məhsullarının saxlandığı anbarda təmizliyə riayət olunmadığı və dezinfeksiya işlərinin aparılmadığı aşkarlanıb.
Uyğunsuzluqlarla bağlı marketin vəzifəli şəxsi barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunub və məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilib.