Fransada beş harkı ailəsi 1960-cı illərdə Qard departamentində yerləşən Sen-Moris-l'Arduaz (Saint-Maurice-l'Ardoise) düşərgəsində vəfat etmiş yaxınlarının dəfn şəraiti və qalıqlarının taleyi ilə bağlı məhkəməyə şikayət edib.
NTV xəbər verir ki, ailələr məzarların toxunulmazlığının pozulması və meyitlərin qanunsuz gizlədilməsi ittihamları üzrə həqiqətin üzə çıxarılmasını tələb edirlər.
“France Inter” radiosunun yaydığı məlumata görə, şikayət edən ailələr həmin düşərgədə həyatını itirmiş uşaqların, bacı və qardaşlarının nəşlərinin taleyinə aydınlıq gətirilməsini istəyirlər.
Qeyd edək ki, harkilər Əlcəzair Müstəqillik Müharibəsi (1954–1962) zamanı Fransa Ordusu tərəfində hərbi köməkçi və ya könüllü kimi xidmət etmiş əlcəzairlilərdir.
1960-cı illərdə Fransa ərazisindəki harkı düşərgələrində onlarla uşaq ağır həyat şəraiti, kəskin soyuq, aclıq və antisanitariya səbəbindən dünyasını dəyişib. Bəzi mərhumların qalıqları sonradan ailələrə məlumat verilmədən eksqumasiya edilib və ya başqa yerlərə köçürülüb.
Ailələrin hüquqi mübarizəyə başlamasına 2023-cü ildə aparılan arxeoloji qazıntılar zamanı uzun müddət unudulmuş, qeyri-rəsmi qəbiristanlığın yenidən aşkar edilməsi səbəb olub.
