ABŞ Dövlət katibi Marko Rubio və Çinin xarici işlər naziri Van İ telefon danışığı zamanı Rusiyanın da iştirakı ilə sülhün təmin edilməsi və nüvə silahlarının azaldılması məsələlərini əhatə edən mümkün üçtərəfli yüksəksəviyyəli danışıqların keçirilməsinin vacibliyi barədə razılığa gəliblər.
NTV xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, tərəflər sülhə və nüvə silahlarından azad olunma kimi məqsədlərə çatmaq üçün liderlər səviyyəsində konstruktiv danışıqların əhəmiyyətini vurğulayıblar. Bu çərçivədə Rusiyanın da iştirak edəcəyi mümkün üçtərəfli görüşün keçirilməsi məsələsi müzakirə olunub.
Telefon danışığı zamanı, həmçinin noyabrın 18-19-da Çinin Şençjen şəhərində keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti və dekabrın 14-15-də Mayami yaxınlığında baş tutacaq “Böyük iyirmilik” (G20) ölkələrinin sammiti ətrafında fikir mübadiləsi aparılıb.
Tərəflər, eyni zamanda, qarşılıqlı hörmət, ədalətlilik və qarşılıqlılıq prinsipləri əsasında strateji sabitliyə söykənən konstruktiv münasibətlərin qorunub saxlanılması ilə bağlı liderlər səviyyəsində ikitərəfli öhdəlikləri müzakirə ediblər.
