15 iyun 1993-cü il Azərbaycan Respublikasının müasir tarixində qurtuluş və dirçəlişin başlanğıcı kimi əlamətdar bir gündür. Bu tarix həm siyasi, həm də mənəvi baxımdan xalqımızın yaddaşına dərin iz salmış, dövlətçiliyin xilas günü kimi yadda qalmışdır. Məhz həmin gün ümummilli lider Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilməsi ilə ölkə tarixində yeni mərhələ başlandı. 1991-ci ildə müstəqilliyini elan etməsinə baxmayaraq Azərbaycan, təəssüf ki, ilk illərində siyasi xaos, iqtidar uğrunda mübarizə, silahlı qarşıdurmalar, separatizm təhdidləri və Ermənistanın təcavüzü ilə üzləşmişdi. Daxildə sabitsizlik hökm sürür, cəmiyyətin parçalanma təhlükəsi yaranmışdı.
Bu ağır və taleyüklü günlərdə xalqın ümid yeri yalnız bir şəxsiyyətə yönəlmişdi – dövlətçilik təcrübəsi, müdrikliyi və prinsipiallığı ilə tanınan Heydər Əliyevə. Xalqın və ziyalıların israrlı tələbi ilə o, Naxçıvandan Bakıya dəvət olundu və 15 iyun 1993-cü ildə Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Bu hadisə xalqın ruh yüksəkliyinə səbəb oldu, ölkədə sabitliyin bərpasına, inam və etimadın dirçəlməsinə yol açdı. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan vətəndaş qarşıdurmasından, parçalanmadan və dövlətçiliyin süqutundan xilas oldu. Bu səbəbdən 15 iyun tarixi sonralar Milli Qurtuluş Günü kimi rəsmi şəkildə təsis edildi və hər il dövlət səviyyəsində qeyd olunur. Ümummilli lider Heydər Əliyev 1993-cü il oktyabrın 3-də keçirilmiş ümumxalq səsverməsində Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. Heydər Əliyev qısa müddətdə ölkədə ictimai-siyasi sabitliyi bərpa etdi. Dövlət idarəçiliyində islahatlara start verildi, hüquqi dövlət quruculuğu istiqamətində mühüm addımlar atıldı. 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” ilə Azərbaycanın iqtisadi inkişafının əsası qoyuldu. Respublikamız beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınmağa başladı. Ulu Öndər həmçinin milli ordunun formalaşdırılmasına, xarici siyasətdə balansın qorunmasına, konstitusiya quruluşunun möhkəmlənməsinə və cəmiyyətin bütün sahələrində inkişafın təmin olunmasına nail oldu. 1998-ci il oktyabrın 11-də keçirilən yüksək fəallıq göstərilmiş seçkilərdə Heydər Əliyev yenidən Azərbaycan Respublikasının Prezidenti seçildi.
Bu gün Ulu Öndərin siyasi kursu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Heydər Əliyev ideyaları müasir Azərbaycanın inkişaf strategiyasının təməlini təşkil edir. Ümummilli Lider Heydər Əliyevin ən böyük arzusu Qarabağın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün bərpası idi. Ümummilli Liderin bu arzu və iradəsini onun layiqli davamçısı Azərbaycan Prezidenti İlham Əliyev həyata keçirdi. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqımıza qələbə sevincini yaşatdı. Dövlət bayrağımızı əzəli və əbədi torpaqlarımızda dalğalandırmaqla xalqımızın arzularını yerinə yetirdi. Beləliklə, müstəqil Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa olundu.
Bu tarixi hadisənin davamı kimi qiymətləndirilə biləcək daha bir mühüm sənəd isə 2021-ci ilin 15 iyun tarixində imzalanmış Şuşa Bəyannaməsidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanan bu sənəd təkcə iki qardaş dövlətin müttəfiqliyini rəsmiləşdirməklə yanaşı, eyni zamanda 30 illik bir mübarizənin və zəfərlə başa çatan Vətən müharibəsinin nəticəsi olaraq yeni bir dövrün başlanğıcını da simvolizə edir.
Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin qorunub saxlanıldığı və yenidən bərpa edildiyi gün kimi yadda qalırsa, Şuşa Bəyannaməsi bu dövlətçiliyin regional gücə çevrilməsinin, müstəqil və öz milli maraqları əsasında siyasət yürüdə bilən bir ölkənin sübutudur. Şuşa Bəyannaməsi siyasi, iqtisadi, hərbi, mədəni və humanitar sahələri əhatə edən dərin müttəfiqlik sənədidir. Bu, bir növ Azərbaycanın müstəqil və güclü dövlət olaraq bölgədə yeni reallıqlar yaratdığının hüquqi təsdiqidir.
Milli Qurtuluş Günü yalnız keçmişin xatirəsi deyil, həm də gələcəyə bir çağırışdır. Bu gün bizə xatırladır ki, xalqın iradəsi, milli birliyimiz və güclü lider amili ölkənin taleyində həlledici rol oynayır. Azərbaycan bu gün də həmin sabitlik və inkişaf yolunu davam etdirir. Şuşa Bəyannaməsi isə bu ideyaların zirvəyə çatdığını, Azərbaycan-Türkiyə birliyinin bölgədə sülhün, sabitliyin və inkişafın əsas dayağına çevrildiyini sübut edir. Qurtuluşdan qələbəyə, xaosdan strateji müttəfiqliyə gedən bu yol Azərbaycanın tarixində əbədi qalacaq.
Mövlan Məmmədov
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı