Kaliforniyada meşə yanğınları tüğyan edir

Kaliforniyada meşə yanğınları tüğyan edir

Kaliforniyada 47 dərəcə Selsiyə çatan qızmar isti hava şəraitində meşə yanğınları tüğyan edir. Artıq bir neçə yüz hektar ərazinin məhv olduğu bildirilir.

NUHÇIXAN xarici mediaya istinadla xəbər verir ki, yaxın günlərdə yeni temperatur rekordları proqnozlaşdırılır və belə olan şəraitdə mütəxəssislər növbəti yanğınlar barədə xəbərdarlıq edirlər.

ABŞ-ın Kaliforniya ştatında yanğınsöndürənlər cümə günü rekord isti hava şəraitində bir neçə yanğını söndürə biliblər. Amma Yosemite Milli Parkı yaxınlığında yeni yanğın baş verib.

Milli Meteoroloji Xidməti cümə və şənbə günləri ABŞ-ın qərbində təhlükəli isti hava dalğasının yayılacağı barədə xəbərdarlıq edib. “Bir çox ərazilərdə temperatur rekordlarının qırılacağı gözlənilir”, - deyə meteoroloji xidmət bildirib.

İsti hava dalğası atəşfəşanlıq nümayişləri ilə qeyd olunan 4 İyul - Müstəqillik Gününə təsadüf edir ki, həmin uzunmüddətli istirahət günlərində ştatın geniş ərazisində hökm sürən quraqlıq səbəbindən yanğın hadisələri daha tez-tez baş verə bilər.

Yanğın cümə günü axşam Yosemite Milli Parkı yaxınlığındakı keçmiş qızıl mədəni şəhəri olan Mariposada başlayıb və sürətlə yayılıb. Hazırda yanğının səbəbi bəlli deyil. Los-Ancelesdəki Kaliforniya Universitetinin iqlimşünası Deniel Sueyn xəbərdarlıq edib ki, şəhərin özü də təhlükədədir, evakuasiyalar genişlənir, gecələr isti və quru hava hökm sürəcək. Yanğınsöndürmə idarəsinin bildirdiyinə görə, cümə günü, səhər saatlarında artıq yanğın bir neçə yüz hektar ərazini məhv edib və alovların cəmi 5 faizinin qarşısı alınıb.

Meşə yanğınları ekosistemin dəyişməsinin təbii mərhələsidir. Bununla belə, iqlim dəyişikliyi daha intensiv və dağıdıcı yanğınlara gətirib çıxarır, insan həyatını təhlükə altına alır.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM