KİV: Reyunyon adası Parisin dənizaşırı ərazilərdəki qəddarlığının nümunəsidir

KİV: Reyunyon adası Parisin dənizaşırı ərazilərdəki qəddarlığının nümunəsidir

Fransa yürütdüyü müstəmləkə siyasəti ilə özünün dənizaşırı ərazilərində mədəni müxtəlifliyi məhdudlaşdırır və Reyunyon adası bunun bariz nümunəsidir.

NUHÇIXAN xəbər verir ki, bu barədə "Fransadakı müsəlmanlar" jurnalında dərc edilmiş məqalədə deyilir.

Məqalədə qeyd olunur ki, Fransanın müstəmləkə siyasəti milli kimlikdən tam imtinanı və tabe edilmiş xalqların "tam hüquqlu" vətəndaş statusu əldə etmək üçün fransız dili, dəyərləri və institutlarını mənimsəməsini nəzərdə tutan assimilyasiyaya yönəlib.

Müəllif vurğulayır ki, bütün bunlar ciddi mədəni və irqi təzyiqlər fonunda bərabərlik ideyaları ilə ört-basdır edilirdi.

"Reyunyonda assimilyasiya çox spesifik forma alıb. Əvvəlcə adanın yerli əhalisi Hindistan, Çin, Madaqaskardan olan qullar və muzdlu işçilərlə əvəzlənib. Əlbəttə ki, burada avropalı müstəmləkəçilər də məskunlaşıblar. Yerlilərin mədəni müxtəlifliyi yalnız Avropa mədəniyyətinə qiymət verən müstəmləkə sistemi tərəfindən sıxışdırılıb. Eyni zamanda, yerli mədəniyyət və tarix tez-tez gizlədilib və ya rəsmi diskurslardan tamamilə çıxarılıb", - məqalədə qeyd olunub.

Müəllif iddia edir ki, Reyunyonda mədəni irsin "silinməsi" Fransanın adada törətdiyi cinayətlərin yalnız kiçik bir hissəsidir. 1960-cı illərdə doğum sayına nəzarət siyasəti xüsusilə təhlükəli idi və adanın tarixində ən qaranlıq epizodlardan biri olub:

"Minlərlə reyunyonlu qadın öz razılıqları olmadan məcburi sterilizasiya və ya kontrasepsiyanın qurbanı olub. Bəzi qurbanların iddia qaldırmalarına baxmayaraq, bu cinayətlərdə günahkar olanlar, xüsusilə həkimlər heç vaxt məsuliyyətə cəlb edilmədi".

Lakin müəllif qeyd edib ki, adanın müasir gəncləri Pan-Afrika təşkilatı olan “Ka-Ubuntu”da birləşərək Reyunyonu müstəmləkə dövründə zorla qəbul etdirilmiş iqtisadi, mədəni və siyasi modellərdən azad etməyi qarşıya məqsəd qoyub.

"Ka-Ubuntu” hərəkatının sədri Romen Katambara üçün təşkilatın məqsədi Reyunyonun BMT-nin dekolonizasiya ediləcək ərazilər siyahısına qaytarılmasına nail olmaqdır. Digər məqsəd müstəmləkəçiliyə qarşı çıxan dövlətlərin dəstəyini qazanmaqdır, çünki BMT-də veto hüququna malik olan Təhlükəsizlik Şurasının daimi üzvü, dünyanın 6-cı gücü qarşısında müstəqillik uğrunda mübarizə aparmaq çətindir. Üstəlik beynəlxalq yurisdiksiyaların beynəlxalq öhdəliklərini yerinə yetirməyən dövlətlərə öz qərarlarını zorla qəbul etdirmək səlahiyyəti yoxdur", - materialda deyilib.

Belə ölkələrdən biri Azərbaycan olub. Məqalənin müəllifi xatırladıb ki, bu yaxınlarda Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə "Reyunyonun müstəqilliyi: Fransanın müstəmləkə mirasına və suverenlik yoluna baxış" mövzusunda beynəlxalq konfrans keçirilib.

"Konfransın məqsədi Reyunyonun müstəmləkə keçmişinin tarixi və müasir aspektlərini, Fransa hökmranlığının davam edən təsirini, eləcə də suverenlik və öz müqəddəratını təyinetməyə aparan potensial yolları araşdırmaq olub", - o bildirib.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM