Fransanın Xarici İşlər Nazirliyi Meksikanın bir neçə bölgəsindəki vətəndaşlarını bu ölkədəki gərginliklə əlaqədar ehtiyatlı olmağa çağırıb.
NTV xəbər verir ki, nazirlik bəyanatında, xüsusilə, Jalisko ştatında təhlükəsizlik əməliyyatlarının davam etdiyini bildirib. Fransa vətəndaşlarına hüquq-mühafizə orqanlarının müdaxilə etdiyi zonalardan uzaq durmaq, zəruri olmayan səfərləri məhdudlaşdırmaq və təhlükəsiz yerlərdə qalmaq tövsiyə olunub. Həmçinin, onlara etibarlı yerli medianı izləmək və yerli hakimiyyət orqanlarının göstərişlərinə əməl etmək məsləhət görülüb.
Rəsmi məlumatlara görə, zorakılıq dalğası Meksika ordusunun “El Menço” ləqəbi ilə tanınan “Jalisco New Generation Cartel” kartelinin lideri Nemezio Osegueranı zərərsizləşdirməsindən sonra başlayıb. Bu əməliyyatın ardınca ölkənin müxtəlif bölgələrində silahlı toqquşmalar və iğtişaşlar baş verib.
