Yaxın Şərqdə gərginliyin artması enerji bazarlarını sarsıdaraq, təchizatın pozulması ilə bağlı narahatlıqları yenidən gündəmə gətirib. Həftənin əvvəlində Avropada təbii qazın qiyməti 20 faizdən çox artıb.
NTV xəbər verir ki, ABŞ və İsrailin İrana qarşı birgə zərbələrinin cavab olaraq Tehranın atdığı addımlar Hörmüz boğazından keçən gəmi trafikini kəskin azaldıb. Bu boğaz dünya üzrə neft və mayeləşdirilmiş təbii qazın (LNG) daşınması üçün həyati əhəmiyyət daşıyan əsas marşrutlardan biridir.
Avropanın əsas qaz ticarət mərkəzi olan “Dutch Title Transfer Facility” (TTF) platformasında aprel müqaviləsi yerli vaxtla saat 10:41-də (07:41 GMT) meqavat-saat üçün 39,20 avro səviyyəsində ticarət olunub. Müqayisə üçün, 27 fevral tarixində - zərbələrdən əvvəl - bu göstərici 31,95 avro idi.
Bu artım qiymətləri 2025-ci il fevralın 18-dən bəri ən yüksək səviyyəyə çatdırıb. Həmin tarixdə meqavat-saat üçün qiymət 38,70 avro olmuşdu. Eyni zamanda, bu yüksəliş 2023-cü ilin avqustundan bəri faiz ifadəsində ən böyük sıçrayış hesab olunur.
Körfəz enerji istehsalçılarını Ərəb dənizi vasitəsilə qlobal bazarlarla birləşdirən Hörmüz boğazı dünya üzrə neft və mayeləşdirilmiş təbii qaz (LNG) ticarətinin təxminən 20 faizinin daşındığı strateji keçiddir. Qatarın LNG ixracının demək olar ki, hamısı bu dar keçiddən keçir ki, bu da onu beynəlxalq təchizat üçün kritik marşruta çevirir. Boğazdan keçən LNG-nin böyük hissəsi Asiyaya, xüsusilə Çinə yönəlsə də, mümkün uzunmüddətli fasilə riski qlobal miqyasda, xüsusən LNG idxalından yüksək dərəcədə asılı olan Avropada qiymətlərin artmasına səbəb olur.
Bundan əlavə, qaz anbarlarında ehtiyatların azalması da təzyiqi artırır. Avropada qaz ehtiyatlarının səviyyəsi 30 faizdən aşağı düşüb ki, bu da təchizat riskləri təsdiqlənəcəyi təqdirdə alıcıları əlavə yüklərin təmin edilməsi üçün daha təcili addımlar atmağa vadar edir.
