Fransa həbsxanaları təxminən 137 % dolub. Avropa Şurası ölkədəki saxlanma yerlərinin "insan anbarları"na çevrildiyini bəyan edib.
NTV-nin məlumatına görə, ölkənin Ədliyyə Nazirliyinin fevralın əvvəlinə olan rəqəmlərinə görə, təxminən 63 min nəfərlik tutumu olan həbsxanalarda 86 mindən çox məhbus saxlanılır.
Qurum qeyd edib ki, həmin vaxtdan bəri həbsxanalar məhbus qəbuluna davam edir. Fransa Ədliyyə Nazirliyi hesab edir ki, problemi yeni modul tipli həbsxanalar tikməklə çözmək olar.
Avropa Şurasının hesabatında deyilir ki, Fransa həbsxanaları doluluq dərəcəsinə görə Avropada yalnız Kipr və Sloveniyadan geri qalır.
Məhbusların yerləşdirilməsində çətinlik çəkən bir çox Avropa ölkələri çıxış yolunu həm də digər Aİ ölkələrində həbsxana yerlərinin icarəyə götürülməsində axtarır. İsveç və Belçika Ədliyyə nazirliklərinin nümayəndələri öz məhbuslarını Estoniyaya göndərməklə problemi həll etməyə çalışdıqlarını və belə bir imkan barədə danışdıqlarını bildiriblər. Lakin rəsmi Tallin bu ssenaridən qəti şəkildə imtina edib.
