Almaniya hökuməti İran müharibəsi ilə əlaqədar bir sıra Körfəz ölkələrinə və Ukraynaya bəzi silahların ixracına dair qaydaları yumşaldır.
NTV “Tagesschau” xəbər xidmətinə istinadla bildirir ki, bunun üçün altı ay müddətinə ümumi icazə qüvvəyə minib. Federal İqtisadiyyat və İxrac Nəzarəti İdarəsi vasitəsilə ixrac müraciəti təqdim etmədən daha sürətli ixrac icazələrindən istifadə etmək mümkün olacaq.
Almaniyanın iqtisadiyyat naziri Katerina Rayxe İranın Körfəz ölkələrinə hücumları nəticəsində xüsusilə hava hücumundan müdafiə silahlarına təcili ehtiyac yarandığını bildirib. O, Ukraynanın da hərbi dəstəyə, o cümlədən hava hücumundan müdafiəyə ehtiyacının davam etdiyini vurğulayıb.
Məlumata görə, ümumi icazı qaydasının əhatə etdiyi ölkələrə Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Küveyt, Bəhreyn, Oman və Ukrayna daxildir. İxrac icazəsinin hava hücumundan müdafiə və dəniz müdafiəsi üçün istifadə olunan malları əhatə etdiyi bildirilir. Buraya sualtı minalara qarşı tədbirlər və onların aradan qaldırılması da daxildir.
