Türkiyənin “TPAO” dövlət neft şirkəti Diyarbəkir əyalətinin cənub-şərqində 100-ə qədər yeni neft quyusu qazmaqla neft hasilatını genişləndirməyi planlaşdırır.
NTV xəbər verir ki, bu barədə “TPAO”nun regional istehsal meneceri Mehmet Tahir Ergin jurnalistlərə bildirib. O xatırladıb ki, Anadolunun bu hissəsində “qara qızıl” hasilatı 1961-ci ildən bəri davam edir, ilk barellər isə Kurkan-2 yatağından əldə edilib. Onun sözlərinə görə, Türkiyənin bu əyalətində hazırda gündə təxminən 15 min barel neft istehsal edilir ki, bu da Türkiyənin enerji təhlükəsizliyinin artmasına töhfə verir.
“Diyarbəkirdə tezliklə təxminən 100 yeni quyu qazılacaq, gündəlik hasilat isə tezliklə 20 min barelə yaxınlaşacaq. Qazılan hər bir quyu regional iqtisadiyyatın inkişafına birbaşa töhfə verir, məşğulluğu artırır və Türkiyənin cənub-şərqində ticarət fəaliyyətini stimullaşdırır”, - deyə M.T.Ergin bildirib.
Türkiyə mediası Hörmüz boğazındakı böhran fonunda yerli yataqlardan neft və qaz hasilatını artırmaq üçün aktiv səyləri “strateji cəhətdən əhəmiyyətli” adlandırıb.
