24 mart tarixində Brüsseldə Avropa İttifaqı və Çin iki ildən sonra hərbi məsləhətləşmələr keçiriblər.
NTV xəbər verir ki, bu barədə Avropa Xarici Fəaliyyət Xidmətinin bəyanatında bildirilir.
"Ukrayna, İran və Asiya-Sakit Okean regionu ilə yanaşı, müzakirə olunan mövzular arasında tərksilah, yayılmama və kosmosda təhlükəsizlik məsələləri də olub", - deyə məlumatda qeyd olunub.
Avropa Çin rəhbərliyinə Brüssel və Kiyev arasında razılaşdırılmış şərtlər əsasında Ukraynadakı münaqişəyə son qoymaq üçün Rusiyaya təsir göstərməyə, Cənubi Çin dənizində və Tayvan boğazında sabitliyin və naviqasiya azadlığının təmin edilməsində Pekinin məsuliyyəti ilə bağlı çağırış edib.
Aİ-ni Sülh, Təhlükəsizlik və Müdafiə üzrə Avropa Xarici Fəaliyyət Xidmətinin direktoru Benedikte fon Seherr-Thoss, Çin tərəfini isə Çin Xalq Respublikası Mərkəzi Hərbi Komissiyasının Beynəlxalq Hərbi Əməkdaşlıq Departamentinin nümayəndə heyəti təmsil edib.
Bu məsləhətləşmələrin əvvəlki mərhələsi 2024-cü ildə Pekində baş tutmuşdu.
