Nepal polisi ölkənin keçmiş Baş naziri, Kommunist Partiyasının rəhbəri Şarma Olini və keçmiş daxili işlər naziri Rameş Lehakı həbs edib.
NTV Nepal mediasına istinadla xəbər verir ki, səbəb onların 2025-ci ilin sentyabrında onlarla insanın həyatına son qoyan etirazın yatırılmasında iştirak etmə iddiasıdır. Sabiq yüksək vəzifəli məmurlar Mərkəzçi Milli Müstəqil Partiyasının hökumət qurmasından bir gün sonra həbs ediliblər. Daxili işlər naziri Sudan Qurunq özünün sosial media hesabında həbslərlə bağlı yazıb ki, heç kim qanundan üstün deyil.
Yeni Baş nazir Balendra Şahın sədrliyi ilə hökumətin martın 27-də keçirilən ilk iclasında sentyabr etirazlarında zorakılığı araşdıran komissiyanın tövsiyələrinin həyata keçirilməsi qərara alınıb. Bu, zorakılıq qurbanlarının ailələrinin əsas tələblərindən biridir.
Qeyd edək ki, ötən ilin sentyabrında hökumətin sosial media platformalarını bloklaması nəticəsində başlayan və 76 nəfərin ölümü ilə nəticələnən korrupsiya əleyhinə kütləvi etiraz aksiyalarından sonra keçirilmiş seçkidə keçmiş reper və Katmandu şəhərinin sabiq meri, 35 yaşlı Balendra Şahın partiyası qalib gəlib. Martın 27-də Balendra Şahın andiçmə mərasimi olub. Yeni Baş nazir ölkədəki siyasi qeyri-sabitlik fonunda vəzifəsinin icrasına başlayıb.
Ölkə, həmçinin ciddi sosial-iqtisadi çətinliklərlə üzləşib. Əhalinin təxminən 20 faizi yoxsulluq həddindən aşağı səviyyədə yaşayır və hər gün təxminən 1500 nepallı xaricdə iş tapmaq üçün vətənini tərk edir.
