Cənubi Livanda səhiyyə müəssisələrinə edilən beş hücum nəticəsində doqquz tibb işçisi həlak olub, daha yeddi nəfər isə yaralanıb. Bununla da mart ayı ərzində həyatını itirən səhiyyə işçilərinin sayı 51-ə çatıb.
NTV xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatında bildirilib.
ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus qeyd edib ki, mart ayı 2023-cü ilin oktyabrında ÜST-nin Livanda səhiyyə obyektlərinə hücumları izləməyə başladığı dövrdən bəri ən çox səhiyyə işçisinin həlak olduğu ikinci aydır. O, martın 2-də Livanda vəziyyətin kəskinləşməsindən sonra 120-dən çox səhiyyə işçisinin yaralandığı bildirib. Yaralanmaların böyük əksəriyyəti ölkənin cənubunda baş verib.
Qeyd edilib ki, səhiyyə obyektlərinə təkrar hücumlar Cənubi Livanda tibbi xidmətlərin göstərilməsinə ciddi şəkildə mane olur. Hazırda 4 xəstəxana və 51 ilkin səhiyyə mərkəzi bağlanıb ki, bu da ən çox ehtiyac duyulan vaxtda əsas tibbi xidmətlərə çıxışı əhəmiyyətli dərəcədə məhdudlaşdırır. Bir sıra digər səhiyyə müəssisələri də qismən zərər görüb və məhdud imkanlarla fəaliyyət göstərir.
