Ukrayna artıq Yaxın Şərq ölkələri ilə İranın pilotsuz təyyarələrindən müdafiə ilə bağlı tarixi razılaşmalar əldə etməyə başlayıb, işlər davam edir.
NTV xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
Onun sözlərinə görə, Yaxın Şərqə səfəri çox faydalı olub. Orada o, Ukraynaya, bu ölkənin əsgərlərinə və təcrübəsinə müsbət münasibət hiss edib.
Zelenski deyib ki, Fars körfəzi ölkələri Ukrayna və ukraynalı mütəxəssislərlə işləmək üçün ortaq bir mövqeyə malikdir.
"Artıq müqavilələrimiz, tarixi razılaşmalarımız var. Ukrayna və Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Qətər. Biz, həmçinin İordaniya və Küveytlə işləyirik. Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov hazırda regiondadır, siyasi səviyyədə danışıqları davam etdirir. O, bu gün mənə məlumat verib, artıq Bəhreyn və Omandan əlavə sorğular var", - deyə o diqqətə çatdırıb.
Volodimir Zelenski Ukraynanın müdafiə sistemi və əsgərlərinin bacarıqları müqabilində təhlükəsizlik sektorunda əməkdaşlığa ümid etdiyini bildirib: "Biz artıq hava hücumundan müdafiənin gücləndirilməsi, müdafiə işinin birgə inkişaf etdirilməsi və enerji sahəsində əməkdaşlıq imkanları barədə razılığa gəlmişik. Bu, xüsusilə dizel yanacağı və hazırda təcili ehtiyac duyduğumuz digər şeylərə aiddir".
