satellite   Azerspace-1: 11135 H 30000

Gürcüstanda 5 min il yaşı olan qədim yaşayış məskəninin qalıqları aşkarlanıb

Gürcüstanda 5 min il yaşı olan qədim yaşayış məskəninin qalıqları aşkarlanıb

Gürcüstanın cənubundakı Cavaxeti yaylasında aparılan arxeoloji qazıntılar zamanı təxminən 5 min il əvvələ aid qədim yaşayış məskəninin qalıqları aşkarlanıb.

NTV xəbər verir ki, bu barədə İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin professoru və ekspedisiyanın rəhbəri Vaxtanq Liçeli məlumat verib.

Alimin sözlərinə görə, tapıntılar qədim Kür-Araks mədəniyyətinin Gürcüstanın bu hissəsində geniş yayıldığını təsdiqləyir.

Arxeoloji tədqiqatlar Baraleti, Natsarqora və Meqreki ərazilərində aparılıb. Qazıntılar hazırkı Aspindza, Axalkalaki və Ninotsminda rayonlarını əhatə edib.

Tədqiqat zamanı eramızdan əvvəl təxminən 3500–500-cü illərə aid müdafiə divarları, yaşayış binaları və gil tikililərin qalıqları aşkar olunub. Arxeoloqların fikrincə, bu tapıntılar bölgədə Erkən Tunc dövründən Dəmir dövrünədək davamlı yaşayışın mövcud olduğunu göstərir.

Ən maraqlı tapıntılardan biri konsentrik naxışlarla bəzədilmiş və xüsusi işlənmiş dəliklərə malik bürünc günəş diski olub. Tədqiqatçılar hesab edirlər ki, bu artefakt həmin dövrdə metal emalı texnologiyalarının yüksək səviyyədə inkişaf etdiyindən xəbər verir.

Ekspedisiyanın üzvü Tornike Çilingaraşvili bildirib ki, yaşayış məskəni müxtəlif tarixi dövrlərə aid təbəqələri əhatə edir və əldə olunan materiallar ərazinin Erkən Tunc dövründə artıq inkişaf etmiş məskunlaşma mərkəzi olduğunu göstərir.

Arxeoloqlar qazıntılar zamanı qədim dəfn yerləri ola biləcək sahələr də müəyyən ediblər. Həmin ərazilərdə araşdırmaların növbəti mərhələdə davam etdirilməsi planlaşdırılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM