Yaxın Şərqdə hərbi-siyasi vəziyyətin getdikcə gərgin xarakter alması dünya enerji bazarında qiymətlərin artmasını şərtləndirir. Ötən gecə İordaniyada yerləşən ABŞ hərbi bazasının İran tərəfindən raket atəşinə məruz qalması və buna cavab olaraq ABŞ hərbi aviasiyasının İranı bombardman etməsinə bazarın reaksiyası özünü gözlətməyib. London birjasında “Brent” markalı neftin 1 barelinin qiyməti 7 faiz artaraq 90 dolları ötüb. Bununla yanaşı, “Light” markalı neftin bir barelinin qiyməti 6 faiz artaraq 84 dollara satılıb.
NTV xəbər verir ki, bu gün Səudiyyə Ərəbistanı Qırmızı dənizdə Yəmən husilərinin gəmilərə hücumlarının qarşısını almaq məqsədilə hərbi koalisiya yaratdığını bəyan edib.
“Əl-Monitor” agentliyinin yaydığı məlumata görə, rəsmi Ər-Riyad 50 dövləti koalisiyada iştirak etməyə dəvət edib. Dəvət olunanlar arasında ABŞ, Misir, Türkiyə, Küveyt, Pakistan, Qətər, Sudan, Bəhreyn, Cibuti, Somali kimi dövlətlərin adları var. Koalisiyanın əsas məqsədi Qırmızı dənizdə hərbi əməliyyatlar keçirib Bab əl-Məndəb boğazını husilərin nəzarətindən almaqdır. Avropa dövlətlərindən Almaniya, Fransa və İtaliyada dəvət alıblar. Lakin onlar ABŞ-nin qərarını gözləyirlər.
Hörmüz və Qırmızı dənizdəki hərbi vəziyyətin dünya enerji bazarındakı qiymətlərə təsir göstərdiyi şübhəsizdir. Belə bir hərbi koalisiyanın yaradılması isə Yaxın Şərqdə hərbi-siyasi vəziyyətin yaxşıya deyil, daha da gərginliyə doğru getdiyini deməyə əsas verir. Bu isə öz növbəsində enerji bazarının təchizatında əlavə problemlər yaradacaq. Bu gün dünya enerji bazarında qiymətlərin artması məhz təchizatda yaranan problemin nəticəsidir.
Nəzərə çatdırmaq lazımdır ki, bahalaşma həm yüksəkkeyfiyyətli Azərbaycanın “Azeri Light” , həm də o qədər də keyfiyyət standantarlarına uyğun olmayan Rusiyanın “Urals” markalı neftini də əhatə edib. Hazırda “Azeri Light” neftinin bir bareli 98 dollardan, “Urals” nefti isə 71 dollardan baha satılır.
