Dünən Misirin Dimyat limanında qazsaxlama və reqazifikasiya gəmilərində baş vermiş yanğının səbəbi açıqlanıb.
NTV xəbər verir ki, Misir hökumətinin bəyanatına görə, gəmilərdə yanğın söndürüləndən sonra araşdırma aparılıb. Hadisənin PUA hücumu nəticəsində baş verdiyi müəyyən edilib.
Bəyanatda, həmçinin vurğulanıb ki, hadisəyə görə hələlik heç bir qrup məsuliyyəti öz üzərinə götürməyib. Hadisənin digər təfərrüatları üçün təhqiqatlar davam edir.
Xatırladaq ki, dünən bir sıra xarici media orqanı Dimyat limanındakı gəmilərin pilotsuz uçuş aparatlarının hücumuna məruz qalmış ola biləcəyini yazıb.
“Ambrey” dəniz təhlükəsizliyi şirkətinin rəsmi saytında isə Amerika Birləşmiş Ştatlarına məxsus olan və Marşal adaları bayrağı altında fəaliyyət göstərən LNG saxlama gəmisinin, həmçinin Yunanıstana məxsus olan və Bermuda bayrağı altında üzən LNG tankerinin Misirin ərazi sularında pilotsuz uçuş aparatlarının hücumuna məruz qaldığı açıqlanıb.
