Afina yaxınlığındakı dənizkənarı Porto-Qermeno qəsəbəsini bürüyən irimiqyaslı yanğın nəticəsində 100-ə yaxın ev məhv olub.
NTV "dpa" agentliyinə istinadən xəbər verir ki, sahil mühafizəsi yerli çimərlikdən 12 nəfəri təxliyə edib.
Yanğınsöndürmə xidmətinin məlumatına görə, Yunanıstan paytaxtından təxminən 50 kilometr qərbdə yerləşən Porto-Qermeno ən çox zərər çəkmiş yaşayış məntəqələri sırasındadır.
Alov qəsəbəni üç tərəfdən mühasirəyə alıb ki, bu da təbii fəlakətlə mübarizəni xeyli çətinləşdirir.
Mandra bələdiyyəsi sədrinin müavini Dimitris Paqonis bildirib ki, yanğın nəticəsində artıq 100-ə yaxın ev yanıb.
"Güclü külək səbəbindən hazırda yanğınsöndürmə aviasiyasını cəlb etmək mümkün deyil. Ümid edirik ki, külək səngiyəcək. Başqa çıxış yolu yoxdur", - o bildirib.
