ABŞ-nin Vaşinqton ştatının Spokan dairəsində irimiqyaslı meşə yanğınları səbəbindən təxminən 60 min insan evlərini tərk etmək məcburiyyətində qalıb.
NTV "Associated Press"ə istinadən xəbər verir ki, alov artıq ən azı 600 tikilini məhv edib.
Agentliyin məlumatına görə, Spokan şəhərinin ətrafında tüğyan edən yanğınlar həftəsonu ərzində təxminən 21 kv. km əraziyə yayılıb.
Vaşinqton qubernatoru Bob Ferqyuson vəziyyəti ABŞ Prezidenti Donald Trampla müzakirə etdiyini və federal hakimiyyət orqanlarından təbii fəlakətlə mübarizədə əlavə yardım göstərmələrini xahiş etdiyini bildirib.
"Prezident vəziyyət barədə məlumatlandırılıb və ştat sakinlərinin vəziyyətindən narahatlığını ifadə edib. Biz federal yardımın göstərilməsi məsələləri üzrə birgə işimizi davam etdirəcəyik", - Ferqyuson qeyd edib.
Xatırladaq ki, daha əvvəl Vaşinqtonda meşə yanğınları ilə mübarizəyə Milli Qvardiyanın bölmələri cəlb olunmuşdu. Ümumilikdə ştatda yanğınların əhatə etdiyi ərazi təxminən min kv. km-ə çatıb, bununla belə, yanğın ocaqlarının bir hissəsini, o cümlədən Spokan ərazisindəki yanğınları indiyədək lokallaşdırmaq mümkün olmayıb.
