Fransanın Müdafiə və Veteranlar Nazirliyi ölkənin Hərbi Dəniz Qüvvələrinin minaəleyhinə mübarizə imkanlarının yenilənməsi çərçivəsində əlavə tədbirlər gördüyünü açıqlayıb. Bu çərçivədə təxminən 12 əlavə suüstü və sualtı dronun sifariş ediləcəyi bildirilib.
NTV xəbər verir ki, nazirliyin məlumatına görə, həmçinin bu dronları daşımaq və əməliyyat bölgələrinə yerləşdirmək üçün xüsusi gəmilər icarəyə götürüləcək. Məqsəd Fransanın materik sahillərinə yaxın dəniz ərazilərinin mühafizəsini gücləndirməkdir.
Qərar iyulun 21-də müdafiə və veteranlar naziri tərəfindən başladılan Gələcəyin Mina Əleyhinə Mübarizə Sistemi (SLAM-F) proqramının növbəti mərhələsi çərçivəsində qəbul edilib. Silahlanma Baş İdarəsinin rəhbərlik etdiyi proqramın məqsədi ekipajların riskini minimuma endirməklə dəniz minalarını aşkarlamaq və zərərsizləşdirməkdir.
Nazirlik bildirib ki, əlavə dronların sifarişi və daşıyıcı gəmilərin icarəyə götürülməsi yeni imkanların Fransanın dəniz sərhədlərində fasiləsiz şəkildə tətbiqini təmin edəcək. Bu addım 2024–2030-cu illəri əhatə edən Hərbi Proqramlaşdırma Qanununun yenilənməsi çərçivəsində həyata keçirilir.
Gələcəyin Mina Əleyhinə Mübarizə Sistemi dronların hazırlanması üzrə Böyük Britaniya, daşıyıcı gəmilər sahəsində isə Belçika və Niderlandla əməkdaşlığa əsaslanır. Rəsmi Paris hesab edir ki, bu tərəfdaşlıqlar müxtəlif ölkələrin hərbi qüvvələri arasında birgə fəaliyyət imkanlarını artıracaq.
Nazirlik bəyan edib ki, mövcud geosiyasi vəziyyət dəniz minalarının yaratdığı təhlükənin davam etdiyini göstərir. Fransa bu proqram vasitəsilə gəmiçiliyin təhlükəsizliyini, hərbi dəniz qüvvələrinin fəaliyyət azadlığını və ölkənin dənizdəki maraqlarının qorunmasını təmin etməyi hədəfləyir.
Bundan əlavə, Fransa Hərbi Dəniz Qüvvələrinin yaxın illərdə minatəmizləyən dalğıclar üçün yeni dəstək gəmiləri və dron daşıyan mina əleyhinə döyüş gəmiləri ilə təchiz olunacağı da açıqlanıb. Bu platformalar yeni sistemlərin uzaq məsafələrdə və uzunmüddətli əməliyyatlarda istifadəsinə imkan verəcək.
