satellite   Azerspace-1: 11135 H 30000

Sadə qida əlavəsi xərçəng və viruslara qarşı immuniteti gücləndirib

Sadə qida əlavəsi xərçəng və viruslara qarşı immuniteti gücləndirib

Adi amin turşu olan argininin çatışmazlığı xərçəng hüceyrələrinin və virusların orqanizmin müdafiə sistemlərini aldatmasına kömək edir. Bu isə immun sisteminin təhlükəni vaxtında aşkar etməməsinə səbəb olur, nəticədə şişlər sürətlə böyüyür, infeksiyalar isə daha ağır formada keçir. Alimlər yoğun bağırsaq şişlərinin, eləcə də tənəffüs yolu xəstəliklərinin inkişaf mexanizmlərini araşdırarkən bu qənaətə gəliblər.

ABŞ-nin Rokfeller Universitetinin bioloqları müəyyən ediblər ki, arginin çatışmadıqda, orqanizmin müdafiə sistemləri üçün yoluxmuş və ya mutasiyaya uğramış hüceyrəni işarələyən mühüm siqnal zülalı olan MHC-1-in sintezi pozulur. Bu zülal hüceyrənin səthinə çıxaraq immun T-hüceyrələrinə onun daxilində mutasiya və ya virusun olduğunu göstərir. Arginin kifayət qədər olmadıqda isə ribosomlar (hüceyrənin “yığım sexləri”) sintez prosesini yarımçıq dayandırır və zülalın formalaşmasını başa çatdıra bilmir. Nəticədə hüceyrənin səthində zəruri işarələr (markerlər) yaranmır, immun sistemi təhlükəni vaxtında aşkar edə bilmir. Bu, təhlükəli hüceyrələrin maneəsiz çoxalmasına şərait yaradır.

Tədqiqatçılar bağırsaq xərçəngi, qrip və COVID-19 da daxil olmaqla müxtəlif patoloji vəziyyətləri araşdırarkən ümumi bir qanunauyğunluq müəyyən ediblər: məhz arginin səviyyəsinin azalması hüceyrələrin müdafiə mexanizmlərini zəiflədən ən mühüm amildir. Alimlər siçanları bu amin turşusu ilə zəngin pəhrizə keçirdikdən sonra heyvanlarda yeni şişlərin yaranma tezliyinin əhəmiyyətli dərəcədə azaldığını müşahidə ediblər. Tənəffüs yolu virusları ilə bağlı aparılan təcrübələrdə də eyni dərəcədə heyrətamiz nəticələr əldə olunub, belə ki, gəmiricilərdə xəstəliyin əlamətləri xeyli yüngül keçib.

Bundan əlavə, virus infeksiyaları zamanı arginin əlavəsi, hətta amin turşusunun yoluxmadan sonra verilməsinə başlanıldığı hallarda belə, siçanların vəziyyətini yaxşılaşdırıb. Bu nəticə elmi işin müəllifləri üçün gözlənilməz olub. Çünki adətən qidalanmanın korreksiyası yalnız profilaktik tədbir hesab edilir və xəstəliyin kəskin mərhələsində tam bir yardım vasitəsi kimi qiymətləndirilmir. NTV xəbər verir ki, tədqiqatın nəticələri “Cell” jurnalında dərc olunub.

Bioloqlar vurğulayıblar ki, orqanizmdə argininin səviyyəsi yaş artdıqca, eləcə də qeyri-balanslaşdırılmış qidalanma zamanı təbii şəkildə azalır. Bu kəşf yaşlı insanların xərçəngə və ağır gedişli virus infeksiyalarına daha həssas olduqlarını izah etmək imkanı verir. Arginin orqanizmdə sintezinə, çoxsaylı zülallı qida məhsullarında mövcud olduğuna və apteklərdə münasib qiymətə satılan qida əlavəsi kimi geniş əlçatan olduğuna görə tədqiqatçılar yaxın vaxtlarda insanların iştirakı ilə klinik sınaqlara başlamağı planlaşdırırlar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM