Türkiyənin Qara dənizdə respublika tarixinin ən böyük təbii qaz kəşfini açıqlamasından 6 il ötür. İlk kəşfdən sonra yeni yataqların aşkar edilməsi ilə ölkənin ümumi qaz ehtiyatı 785 milyard kubmetrə çatıb.
NTV xəbər verir ki, Türkiyənin “Sakarya” qaz yatağında 2023-cü ildən hasilat aparılır və indiyədək 6,7 milyard kubmetr qaz çıxarılıb. Hazırda gündəlik hasilat 9,5 milyon kubmetrdir.
“Sakarya” Qaz Yatağının İnkişafı Layihəsində yeni fazaların istifadəyə verilməsi ilə hasilat gücünün mərhələli şəkildə artırılması planlaşdırılır. İkinci faza fəaliyyətləri çərçivəsində “Osman Qazi” üzən hasilat platforması ilin son rübündə istifadəyə veriləcək. Bununla gündəlik hasilat 20 milyon kubmetrə çatacaq.
Üçüncü faza üzrə işlər çərçivəsində inşa edilən ikinci üzən hasilat qurğusunun 2028-ci ildə sistemə qoşulması ilə “Sakarya” qaz yatağında gündəlik hasilatın 45 milyon kubmetrə çatdırılması, layihə üzrə ümumi quyu sayının isə 54-ə yüksəldilməsi nəzərdə tutulur.
Türkiyə bununla enerji müstəqilliyini gücləndirməyi və yerli təbii qazın ölkənin enerji tələbatındakı payını artırmağı hədəfləyir.
