Fransada meşə yanğınları ilə yadda qalan yaydan sonra həmkarlar ittifaqları hökumətə təzyiqi artıraraq daha çox resurs və yeni işçi qüvvəsi tələb edir.
NTV xəbər verir ki, peşəkar yanğınsöndürənlər sentyabrın 8-dən oktyabrın 20-dək davam edəcək tətil barədə xəbərdarlıq ediblər. Peşəkar yanğınsöndürənlərin doqquz həmkarlar ittifaqını birləşdirən qurum əsasən üç tələb irəli sürüb: artan müdaxilələrin öhdəsindən gəlmək üçün daha çox resurs ayrılması, peşəkar yanğınsöndürənlərin kütləvi şəkildə işə qəbulu və mülki təhlükəsizliyin modernləşdirilməsi haqqında qanun layihəsinin sürətlə qəbul olunması.
Mülki təhlükəsizliyin modernləşdirilməsi üzrə layihənin sentyabrın 8-də həmkarlar ittifaqlarına təqdim edilməsi planlaşdırılır. Bildirilib ki, tətilin məhz həmin tarixdə başlaması simvolik xarakter daşıyır və layihənin məzmunundan narazılıq ehtimalı yüksəkdir.
Mümkün tətillərin oktyabrın 20-dək planlaşdırılması təsadüfi deyil. Həmin gün Milli Assambleyada 2027-ci il büdcə layihəsinin səsə qoyulması nəzərdə tutulur.
Yanğınsöndürənlərin sentyabrın 26, 27 və 28-də Parisdə Respublika meydanında aksiya keçirəcəkləri də gözlənilir. Onlar, həmçinin sentyabrın 29-da dövlət sektorunda keçiriləcək ümummilli fəaliyyət gününə qoşulmağa çağırıblar.
