ABŞ Hərbi Hava Qüvvələri Vaşinqton yaxınlığındakı Endryus hərbi bazasında dövlətin birinci şəxslərinin təcili təxliyəsinə kömək göstərmək məqsədilə xüsusi helikopter dəstəsi formalaşdırıb. Bu barədə “The War Zone” ixtisaslaşmış portalı məlumat yayıb.
NTV xəbər verir ki, hərbi bazanın saytında yerləşdirilən məlumata görə, söhbət avqustun 27-də rəsmi olaraq yaradıldığı elan edilmiş 5-ci helikopter eskadrilyasından gedir. Yeni xüsusi dəstənin aviaparkı HH-60W “Jolly Green II” axtarış-xilasetmə helikopterlərindən ibarət olacaq. Hərbi bazanın mətbuat xidməti vurğulayıb ki, yeni helikopter xüsusi dəstəsi orada son 60 ildə ilk dəfə yerləşdiriləcək.
“The War Zone” qeyd edib ki, 5-ci helikopter eskadrilyasının vəzifələrinə, o cümlədən hücum və ya oxşar ciddi fövqəladə vəziyyət baş verdiyi təqdirdə federal hökumətin fasiləsiz işini təmin etmək üçün yüksəkrütbəli məmurların və qanunvericilərin təxliyəsinə kömək göstərmək daxil olacaq. Portal vurğulayıb ki, ABŞ Prezidentinin və hökumət üzvlərinin daşınması və zərurət yaranarsa, təcili təxliyəsi ilə bağlı əsas funksiyaları VH-3D “Sea King” helikopterləri və ABŞ Dəniz Piyadaları Korpusunun xüsusi dəstəsi yerinə yetirir.
