Fransanın incəsənət və mədəniyyət ali təhsil müəssisələrindən olan tələbələr Luvr piramidasının qarşısında nümayiş keçirirlər. Onlar muzeyin girişini bağlayır, məktəblilərin hərəkatına dəstəklərini bildirir və polis repressiyalarını pisləyirlər.
NTV AFP xəbər agentliyinə istinadla xəbər verir ki, muzey rəhbərliyi Luvr Məktəbinin tələbələri tərəfindən təşkil edilən bu etirazın muzeylə birbaşa əlaqəsi olmadığını, sadəcə “əks-səda kamerası” kimi istifadə edildiyini və muzeyin qapılarını həmişəki kimi səhər saat 09:00-da aça bilmədiyini bildirir.
“Fəxrlə bildiririk ki, dünyanın ən böyük muzeyini bağlayırıq”, -deyə AFP tərəfindən görülən və Luvr Muzeyinin yaxınlığında asılmış plakatda deyilir.
“Muzeyin açılmasını gözləyən turistlər bizə qarşı aqressiv davranırlar, çünki biletlərə pul ödəyiblər”, -deyə fransız və ingilis dillərində vərəqələr paylayan bir etirazçı deyir. Orta məktəb şagirdlərinin etirazları sentyabrın sonlarında paytaxtın İl-de-Frans bölgəsində başlayıb və bütün Fransaya yayılıb. İştirakçılar həddindən artıq sıx cədvəllərə, müəllim çatışmazlığına və təhsil sistemindəki digər problemlərə qarşı nümayiş keçirirlər. Bəzi yerlərdə nümayişlər iğtişaşlara və polislə toqquşmalara çevrilib.
