Böyük Britaniya hökuməti Olimpiya Oyunlarının ölkənin şimal bölgələrində keçirilməsi imkanlarını araşdırmaq üçün 7 milyon funt-sterlinq vəsait ayırmağı planlaşdırır.
NTV BBC-yə istinadla xəbər verir ki, maliyyə nazirinin oktyabrın 28-də təqdim edəcəyi büdcə layihəsində bu barədə açıqlama verilməsi gözlənilir. Vəsaitin “Şimal Oyunları” (Northern Games) təşəbbüsü çərçivəsində Olimpiya Oyunlarına ev sahibliyi etmək imkanlarının hərtərəfli qiymətləndirilməsinə yönəldilməsi nəzərdə tutulur. Təşəbbüs uğurlu olarsa, Olimpiya Oyunları 2040-cı illərdə İngiltərənin şimalında keçirilə bilər.
Qeyd edək ki, Böyük Britaniya sonuncu dəfə 2012-ci ildə Londonda Olimpiya Oyunlarına ev sahibliyi edib. Ticarət və İnvestisiya İdarəsinin hesablamalarına əsasən, həmin Oyunlar ölkə iqtisadiyyatına 9,9 milyard funt sterlinq həcmində töhfə verib. Lakin bu rəqəmin dəqiqliyi ilə bağlı ekspertlər tərəfindən müəyyən şübhələr də səsləndirilib.
Böyük Mançesterin meri Endi Börnhem BBC-yə açıqlamasında Olimpiya Oyunlarının ölkəni birləşdirən mühüm tədbirlərdən biri olduğunu bildirib. O qeyd edib ki, məqsəd insanların Olimpiya həyəcanını yalnız televiziya vasitəsilə deyil, yaşadıqları şəhər və icmalarda da hiss etmələrinə şərait yaratmaqdır. Merin sözlərinə görə, Oyunların keçirilməsi ölkənin müxtəlif şəhərlərində yeni imkanlar yaradacaq və bütün Böyük Britaniyanın dəstəkləyə biləcəyi ümummilli layihəyə çevriləcək.
