Noyabrın 11-nə keçən gecə Rusiyanın Smolensk vilayətinin Yartsevo şəhərində dron qalıqlarının çoxmərtəbəli yaşayış binasına düşməsi nəticəsində iki nəfər həlak olub. Leninqrad vilayətində isə Ust-Luqa liman ərazisinə edilən hücum nəticəsində üç işçi yaralanıb.
NTV xəbər verir ki, Smolensk vilayətinin qubernatoru Vasili Anoxin “Max” mesajlaşma tətbiqində dağıntıların yanğına səbəb olduğunu yazıb. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları sakinləri təxliyə edib, yanğın zonasından 10 nəfər xilas olunub.
Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenkonun sözlərinə görə, Kinqiseppsk rayonundakı Ust-Luqa liman ərazisində yanğın baş verib. Orada transformator yarımstansiyası da sıradan çıxıb. Qubernatorun sözlərinə görə, yaralanan üç işçinin həyatı təhlükə altındadır.
A. Drozdenko bildirib ki, ilkin məlumatlara görə, gecə ərzində Leninqrad vilayəti üzərində 150 dron vurulub. Sankt-Peterburqun Pulkovo hava limanı mətbuat xidmətinin Moskva vaxtı ilə səhər saat 08:00-a olan məlumatına görə, 42 reys iki saatdan çox gecikib, altısı ləğv edilib, doqquzu isə alternativ aerodromlara yönləndirilib. İstanbul və Hurqadadan Sankt-Peterburqa uçan iki təyyarə Helsinkiyə eniş edib. Hurqadadan uçan daha bir təyyarə Kalininqrada yönləndirilib.
