ABŞ fond bazarında kəskin satışlardan sonra investorlar mövcud qiymət səviyyələrinin alış üçün əlverişli imkan yaradıb-yaratmadığını müzakirə edirlər. “S&P 500” indeksinin texniki korreksiya zonasına daxil olmasına səbəb olan ucuzlaşmadan sonra “Goldman Sachs” investisiya bankı ötən həftəki enişin səhmlərin alınması üçün fürsət yaratdığını bildirib.
NTV xəbər verir ki, “Goldman Sachs”ın Volatillik və Panika İndeksi ötən cümə günü 10 mümkün baldan 9,8-ə yüksələrək tarixi ekstremal səviyyələrə yaxınlaşıb. Hedc fondlar isə ardıcıl üçüncü həftədir səhm mövqelərini azaldır.
Bankın ticarət bölməsinin qiymətləndirməsinə görə, hedc fondların satışları artıq kifayət qədər yüksək həddə çatıb və bazar taktiki alışlar üçün əlverişli səviyyəyə yaxınlaşır.
“Goldman Sachs”ın rəhbər şəxsləri bildiriblər ki, keçmişdə bu miqyasda panika riskli aktivlərə investisiyaları artırmaq üçün əlverişli imkan yaradıb. Bununla belə, bank güclü bazar bərpasının qarşısında iki əsas maneə görür.
Birinci amil FED-in faiz dərəcələrini artırmağa davam edəcəyi ilə bağlı gözləntilərdir. Bankın Volatillik və Panika İndeksinin faiz artımı dövrlərində 9 balı keçdiyi əvvəlki beş halda “S&P 500” indeksi növbəti üç ay ərzində orta hesabla cəmi 0,4 faiz yüksəlib.
İkinci risk isə hedc fondlardan fərqli olaraq, geniş investor kütləsinin hələlik səhm mövqelərini ciddi şəkildə azaltmamasıdır. İnvestorlar dördüncü rübün əvvəlindən bəri ABŞ-nin səhm fondlarına və birja investisiya fondlarına təxminən 170 milyard dollar vəsait yönəldiblər. “Goldman Sachs” hesab edir ki, bazarda genişmiqyaslı kapitulyasiya, yəni investorların kütləvi şəkildə satışa keçməsi hələ baş verməyib və bu vəziyyət güclü bərpanı məhdudlaşdıra bilər.
Ötən cümə günü “S&P 500” indeksi 3,7 faiz ucuzlaşaraq oktyabr ayında qeydə alınmış rekord səviyyədən geriləməsini 10 faizdən yuxarı çatdırıb. “Nasdaq 100” indeksi isə 5,6 faiz azalaraq 2020-ci ilin martından bəri ən kəskin həftəlik enişini yaşayıb.
Bununla yanaşı, “Wall Street”in tanınmış strateqləri güclü satışların “S&P 500” indeksini texniki korreksiya zonasına salmasından sonra ilin sonuna dair proqnozunu təxminən iki ay ərzində ikinci dəfə aşağı salıb.
Strateqlərin proqnozuna görə, “S&P 500” indeksi 2026-cı ili 7500 bənd səviyyəsində başa vura bilər. Sentyabr ayında ilin sonuna dair hədəf göstəricisi 7900 bəndə endirilmişdi. Yeni proqnoz belə ABŞ səhmlərinin ötən cümə günü bağlanış səviyyəsi ilə müqayisədə 8 faizdən çox bahalaşa biləcəyinə işarə edir.
Ekspertlər bildirirlər ki, əsas narahatlıq daha sərt ixrac nəzarətinin çiplərə tələbi azaltması və qiymətləri aşağı salması ehtimalı ilə bağlıdır. Belə bir ssenari reallaşarsa, yarımkeçiricilər sektorunda qiymətləndirmə əmsallarının azalmasını qısa müddətdə mənfəət artımının zəifləməsi, hətta gəlirlərin birbaşa azalması izləyə bilər.
İstiqrazların gəlirlilik əyrisinin daralacağı gözlənilir
“Wall Street”də istiqraz strategləri isə FED-in inflyasiya ilə mübarizə məqsədilə faiz dərəcələrini artırmağa davam edəcəyi gözləntiləri fonunda gəlirlilik əyrisinin daralacağına dair mövqelərini qoruyurlar.
“Bank of America”, “BMO Capital Markets” və “JPMorgan” banklarının strategləri FED-in faiz artımlarının qısamüddətli istiqrazların gəlirliliyini yüksəldəcəyini, iqtisadi artım və inflyasiya üzərində təzyiqin isə uzunmüddətli istiqrazların gəlirliliyini aşağı salacağını proqnozlaşdırırlar.
Bu yanaşma süni intellekt sektorunda investisiya mövqelərinin zəifləməsi nəticəsində “S&P 500” indeksinin korreksiya zonasına daxil olmasına baxmayaraq, FED-in rəhbəri Kevin Uorşun rəhbərlik etdiyi qurumun inflyasiya ilə mübarizədən geri çəkilməyəcəyi gözləntisinə əsaslanır. İnflyasiya hələ də FED-in 2 faizlik hədəfindən yüksəkdir.
“Bank of America” müştərilərinə ikiillik və 30 illik, “JPMorgan” ikiillik və beşillik, “BMO Capital Markets” isə ikiillik və 10 illik ABŞ dövlət istiqrazlarının gəlirliliyi arasındakı fərqin daralmasına hesablanmış investisiya strategiyalarını tövsiyə edir.
Bu ilin əvvəlindən ikiillik dövlət istiqrazlarının gəlirliliyi təxminən 120 baza bəndi, 10 illik istiqrazların gəlirliliyi isə 80 baza bəndi artıb.
Analitiklər bildiriblər ki, iqtisadi artımla bağlı narahatlıqlar uzunmüddətli dövlət istiqrazlarına tələbi dəstəkləyə bilər. Gəlirlilik əyrisinin daralmasının pul siyasətinin sərtləşdiyini göstərdiyi qeyd edilib. Vurğulanır ki, bu proses hələ başa çatmayıb, lakin bundan sonrakı dövrdə gəlirlilik əyrisinin daralmasının daha yavaş templə davam edəcəyi gözlənilir.
