NUHÇIXAN xəbər verir ki, İlham Əliyev adına Olimpiya İdman Kompleksində Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş kikboks üzrə yeniyetmə və gənclər arasında muxtar respublika birinciliyi keçirilib. Yarışa 2 yaş qrupunda 70-dən çox idmançı qatılıb.
Açılış mərasimində Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət Himni səsləndirilib.
Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri səlahiyyətlərinin icraçısı, nazir müavini Məcid Seyidov ölkəmizdə idmana göstərilən dövlət qayğısından, bu sahədə qazanılan nailiyyətlərdən bəhs edib. Qeyd olunub ki, dövlət idman siyasəti muxtar respublikada da uğurla icra olunmaqdadır. Regionda yeni infrastruktur layihələri icra olunur, əhalinin sağlam həyat tərzinə cəlbi, peşəkar məşqçi, idmançı hazırlığı və digər istiqamətlərdə ardıcıl işlər görülür. İdmançılar beynəlxalq arenalarda ciddi uğurlara imza atırlar. Nazir müavini bu baxımdan Kikboksinq Federasiyasının fəaliyyətini, idmançıların göstəricilərini təqdir edib və onlara yeni nailiyyətlər arzulayıb. Yarışın maraqlı, ədalətli idman mübarizəsi şəraitində keçəcəyinə inam ifadə olunub.
Federasiya sədri Xəyal Abdullayev göstərilən dəstəyə görə təşəkkürünü bildirib, bu sahədəki birgə əməkdaşlığın effektiv nəticələr verdiyini diqqətə çatdırıb. Federasiyanın əsas fəaliyyət məqsədi kimi gənclərin fiziki və əqli inkişafına dəstək göstərmək, vətənpərvər, cəmiyyətə yararlı idmançılar yetişdirmək olduğunu vurğulayan Xəyal Abdullayev əlavə edib ki, idmançılar təkcə kikboksda deyil, bir sıra əlbəyaxa döyüş idman növlərində də uğurla təmsil olunur. Dünya və Avropa çempionatlarında, ölkə və beynəlxalq yarışlarda yüksək nəticələr qazanılır. Xəyal Abdullayev sonda məşqçi və hakimlərə illik fəaliyyətlərinə görə təşəkkürünü ifadə edib.
Ölkə və beynəlxalq arenalarda uğurlu nəticələr qazanan idmançılar – dünya və Avropa çempionu Röya Abdullayeva, Avropa üçüncüsü, dünya kubokunun ikincisi İnci Allahverdiyeva, Avropa üçüncüsü Fidan Paşayeva, beynəlxalq turnir qalibləri Ravil Alməmmədov və Hüseyn Həsənov diplomla təltif olunublar.
Gərgin və maraqlı idman mübarizəsində keçən yarışda Aminə Novruzzadə, Zenfira Məmmədli qızlar arasında, Nurəli Əsgərov, Ravil Alməmmədov, Uğur Əliyev, Polad İsmayılov, Əli Hüseynov, Nihat Əzizov, Əli Hüseynov, Əsgər Heydərov, Ramazan Babayev, Sinan Kazımov, Rəvan Alməmmədov, İsmayıl Hüseynzadə, Məhəmməd Əsgərov, Məmməd Qənbərli, Tural Səfərli, Tamerlan Quliyev, Nurəddin Əliyev müvafiq çəki və yaş kateqoriyalarında birinci olublar.
İlk üç yerin sahibləri diplom, medal və hədiyyələrlə mükafatlandırılıb.