“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın icrası istiqamətində muxtar respublikanın Gənclər və İdman Nazirliyi tərəfindən həyata keçirilən tədbirlər davam etməkdədir.
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Dövlət Proqramına uyğun olaraq bədən tərbiyəsi və idmanın gündəlik həyat tərzinə çevrilməsi, əhalinin asudə vaxtının səmərəli təşkili, böyüməkdə olan gənc nəsil üçün idman alətlərinin əlçatanlığının təmin edilməsi məqsədilə Naxçıvan şəhərinin bir sıra ərazilərində (8 yerdə) açıq hava idman qurğuları əhalinin istifadəsinə veriləcəkdir.
Məlumat üçün bildirək ki, bu il ərzində həyata keçirilən hüquqi və təşkilati proseslərin ardınca dövlət satınalması əsasında 12 dəst müxtəlif funksiyalı açıq hava tipli idman aləti alınıb. Noyabr ayının əvvəlindən etibarən artıq seçilmiş ərazilərdə inşaat işləri başladılıb və hazırda davam etməkdədir. Hər birinin sahəsi 76 kvadratmetr olan idman meydançalarının əksəriyyətində betonlama işləri tamamlanıb, alətlər səthə bərkidilib. Təhlükəsizlik meyarı nəzərə alınmaqla səthin üzəri elastik materialla örtüləcək. Ərazilərə skamyalar və zibil qutuları yerləşdiriləcək.
Qeyd edək ki, idman qurğularının dekabrın sonlarına kimi əhalinin istifadəsinə verilməsi nəzərdə tutulub.
Əlavə edək ki, müxtəlif yaş qruplarına uyğun dizayn edilən alətlər fiziki hazırlığı artırmaq, əzələləri möhkəmləndirmək və müxtəlif məşq proqramlarının icrası üçün əlverişlidir.