Belçikalı FIFA referisi Frank De Blekerin AFFA-dakı fəaliyyəti başa çatıb.
Milli assosiasiyadan NTV-yə verilən məlumata görə, 2024-cü ilin iyul ayında Hakimlər Komitəsinin sədri vəzifəsinə təyin olunan mütəxəssis 2025-ci ilin noyabrından etibarən AFFA-da Beynəlxalq Hakimlik və hakimlərin təlim-tədrisi üzrə baş katibin müşaviri vəzifəsini icra edib.
O, fəaliyyəti dövründə Azərbaycan hakimliyinin inkişafı, beynəlxalq əlaqələrin genişləndirilməsi və hakimlərin hazırlıq səviyyəsinin yüksəldilməsi istiqamətində öz töhfəsini verib. Belçikalı mütəxəssisin fəaliyyəti dönəmində, xüsusən də, gənc hakimlərin inkişafına göstərilən diqqət nəticəsində bu ildən etibarən Azərbaycanın tarixində ilk dəfə FIFA referilərinin sayı 4-ə yüksəlib.
Qeyd edək ki, Frank De Blekere karyerasını Serbiyada davam etdirəcək. O, Serbiya Futbol Federasiyasında Hakimlər Komissiyasının sədri vəzifəsinə təyin olunub.
