Onların belə mübarizə aparacaqlarını gözləmirdim. Bizi yaxşı mənada təəccübləndirdilər.
NTV xəbər verir ki, bunu futzal üzrə UEFA Çempionlar Liqasının əsas seçmə mərhələsində Bosniya və Herseqovina çempionu “Buba Mara”ya uduzan “Araz-Naxçıvan”ın oynayan məşqçisi Fərid Ələkbərov Azərbaycan Futzal Federasiyasının rəsmi saytına açıqlamasında deyib.
Onun sözlərinə görə, oyun zamanı hesabda önə keçsələr də, təcrübəsizlik üstünlüyü qorumağa imkan verməyib: “Hesab 2:2 olarkən boş qapıya qol vura bilmədik. Bunu bacarsaydıq, qələbə qazanmaq şansımız az deyildi”.
Futzalçı qrupdakı rəqiblərin heç birinin zəif olmadığını, bütün komandaların oturuşmuş heyətə malik olduğunu və əksəriyyətinin illərdir eyni kollektivdə çıxış etdiyini bildirib.
O qeyd edib ki, qrup liderinin kimliyi sonuncu turun oyunlarından sonra bəlli olacaq və hər bir komandanın bu hüququ qazanmaq şansı var.
Qeyd edək ki, “Araz-Naxçıvan” qrupun ilk oyununda “Uypeşt”i 5:4 hesabı ilə məğlub edib, ikinci görüşdə isə “Buba Mara”ya 3:5 hesabı ilə uduzub. Təmsilçimiz oktyabrın 30-da Bakı vaxtı ilə saat 22:00-da Polşanın “Pyast” klubu ilə qarşılaşacaq.
