2025-ci il Afrika Millətlər Kubokunun qalibi ilə bağlı Mərakeş və Seneqal arasında yaranmış mübahisəyə noyabrın 24-də aydınlıq gələcək.
NTV “L’Équipe” nəşrinə istinadən xəbər verir ki, İdman Arbitraj Məhkəməsi (CAS) hər iki ölkənin futbol federasiyaları arasında yaranmış mübahisə üzrə yekun qərarını sabah günün ikinci yarısında açıqlayacaq. Bu barədə qurumun noyabrın 23-də yaydığı rəsmi bəyanatda bildirilib.
Xatırladaq ki, 2026-cı il yanvarın 18-də Rabatda keçirilən final qarşılaşmasında əsas vaxtın sonlarında hesab 0:0 olarkən hakim Seneqal millisinin qapısına penalti təyin edib. Bu qərara etiraz edən Seneqal futbolçuları və məşqçilər heyəti müvəqqəti olaraq meydanı tərk edib. Nəticədə oyun təxminən 15 dəqiqə dayandırılıb.
Futbolçuların meydana qayıtmasından sonra Mərakeş millisinin üzvü Brahim Dias penalti zərbəsindən yararlana bilməyib. Əlavə vaxtda isə Pape Qeyenin vurduğu qol Seneqala 1:0 hesablı qələbə qazandırıb. Lakin Mərakeş Kral Futbol Federasiyası qarşılaşmanın nəticəsi ilə bağlı Afrika Futbol Konfederasiyasına (CAF) şikayət edib. Federasiya turnirin reqlamentinin 82-ci və 84-cü maddələrinə əsaslanaraq, Seneqal komandasının oyunu özbaşına dayandırdığını və hakimin icazəsi olmadan meydanı tərk etdiyini bildirib.
CAF-ın Apellyasiya Şurası 2026-cı ilin martında Mərakeş tərəfinin şikayətini təmin edib, finalın nəticəsini ləğv edərək Seneqala 0:3 hesablı texniki məğlubiyyət verib və Mərakeş millisini turnirin qalibi elan edib.
Bu qərarla razılaşmayan Seneqal Futbol Federasiyası İdman Arbitraj Məhkəməsinə müraciət edərək CAF-ın qərarının ləğvini və meydanda qazanılmış qələbənin bərpa olunmasını tələb edib.
İş üzrə qapalı dinləmələr oktyabrın 8-də İsveçrənin Lozanna şəhərində keçirilib.
Qeyd edək ki, noyabrın 24-də açıqlanacaq qərar 2025-ci il Afrika Millətlər Kubokunun qalibinin kim olacağına dair mübahisəyə yekun vuracaq.
