Çexiya iqtisadiyyatı 2025-ci ildə sürətli artım nümayiş etdirib.
NTV Çexiya Statistika İdarəsinin yenilənmiş məlumatlarına istinadla xəbər verir ki, ölkənin ümumi daxili məhsulu 2,6% artıb. Bu rəqəm yanvar ayında dərc edilmiş ilkin qiymətləndirmədən 0,1 faiz bəndi yüksək olub. Bu, 2022-ci ildən bəri ən sürətli iqtisadi artımdır.
İlin son rübündə də müsbət dinamika müşahidə olunub. İllik müqayisədə ÜDM 2,6%, üçüncü rüblə müqayisədə isə 0,6% artıb. İqtisadi aktivlik həm daxili tələbat, həm də ixrac tərəfindən dəstəklənib.
Ev təsərrüfatının istehlak xərcləri illik müqayisədə 3%, dövlət xərcləri isə 2,2% artıb. İnvestisiya fəaliyyəti də müsbət dinamika göstərib, investisiyalar əvvəlki ilə nisbətən 2% artıb. Xarici ticarət balansında da yaxşılaşma qeydə alınıb. Profisit təxminən 20,77 milyard avroya bərabər olan 504,2 milyard Çexiya kronuna çatıb.
Əmək bazarında da dəyişikliklər olub. Məşğul insanların sayı 1,1% artaraq təxminən 5,5 milyona çatıb. Bundan əlavə, işlənilən ümumi saatların sayı illik müqayisədə 2,3% artıb.
